Sentyabrın 1-dən etibarən MDB ölkələrinin vətəndaşları üçün Rusiyaya giriş yalnız xüsusi "COVID-19-suz səyahət et" ("Путешествуй без COVID-19) tətbiq proqramı vasitəsilə olacaq.
“Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk MDB ölkələrinin İqtisadi Şurasının Moskvada keçirilən 90-cı iclasında çıxışı zamanı bildirib.
A.Overçuk bildirib ki, bütün ölkələrə bu tətbiq proqramına qoşulmaq tövsiyə olunur.
Daha əvvəl tətbiq proqramının test nəticələrini və QR-kodları yadda saxlamağa imkan verdiyi bildirilirdi. Tətbiq proqramının funksionalı məsul şəxslərə ölkəyə giriş zamanı test nəticələrini həm vizual olaraq (yeni verilmiş testin QR-kodunun yaşıl rəngi vasitəsilə), həm də istənilən smartfondakı standart QR-kod oxuyucusu vasitəsilə yoxlamağa imkan verir.