“İrəvandakı Rusiya əleyhinə çıxışlar Moskvada böyük hiddət doğurur”.
Bunu “Report”un Rusiya bürosuna açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.
“Rusiyanın düşmənçilik münasibətində ittiham edildiyi bu cür çıxışlar yalandır. Rus əsgəri yüz minlərlə erməninin xilaskarıdır. Bu səbəbdən, İrəvanda Rusiyaya edilən hücumlar böhtandır”, - rusiyalı politoloq deyib.
Onun fikrincə, bu, Ermənistanın nankorluğundan xəbər verir.
Xatırladaq ki, dünən İrəvanda Rusiya ilə münasibətlərin pozulması tələbi ilə çoxminlik mitinq keçirilib. Mitinqin təşkilatçısı Ermənistanın Milli Demokrat Partiyasıdır.
“Ermənistan hər zaman Rusiya üçün xırda pul kimi olub. Bu gün anlayırıq ki, Rusiya-Ermənistan dostluğu haqqında əfsanə birdəfəlik gözdən düşüb. Bundan sonra bu, bizim üçün aksiomadır. Biz, erməni xalqı sizə Mixail Yuryeviç Lermontovun “Əlvida, kir-paslı, çirkli Rusiya!” sözləri ilə cavab veririk", - deyə Ermənistan Milli Demokrat Partiyası şurasının üzvü Vaqe Qasparyan Rusiyanın İrəvandakı səfirliyi qarşısında mikrofonla deyib.