Bakı. 17 dekabr. REPORT.AZ/ Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin tərəfdarları Kiyevin mərkəzində yerləşən Oktyabr sarayının qapısını qırıblar.
“Report” "NewsOne" telekanalına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları ilə toqquşma nəticəsində bir neçə nəfər xəsarət alıb. Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz tətbiq edib.
Bildirilir ki, Saakaşvili öz tərəfdarlarını təxribata uymamağa və saraya hücum etməməyə çağırsa da, mitinqçilər onu dinləməyiblər.
UNİAN-ın məlumatına görə, aksiya iştirakçıları tədricən binanın içərilərinə doğru irəliləyirlər.
***15:19
Bakı. 17 dekabr. REPORT.AZ/ Kiyevin mərkəzində Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili tərəfdarlarının "İmpiçment marşı" aksiyası başlayıb.
“Report” xəbər verir ki, "Ukraynskaya pravda" nəşrinin məlumatına görə, aksiyada 4-6 min nəfər iştirak edir.
Bildirilir ki, Saakaşvili Şevçenko abidəsinin yanında iştirakçıları salamlayıb, onlara təşəkkürünü bildirərək "Kreşsatikə qədər və qələbəyə doğru" hərəkət etməyə çağırıb.
Mitinqçilər əllərində bayraqlar tutublar və "Yaşasın Ukrayna" və "İmpiçment" şüarları səsləndirirlər. İştirakçılar Kreşsatikdən keçərək Maydana doğru hərəkət edəcəklər və orada yığıncaq keçiriləcək.