Bakı. 15 oktyabr. REPORT.AZ/ Bu gün İrana məxsus sərnişin təyyarəsi paytaxt hava limanına təcili eniş edib. "Report" TASS-a istinadən xəbər verir ki, buna səbəb uçuş zamanı təyyarənin mühərrikində nasazlığın baş verməsidir. Belə ki, təyyarənin mühərriki havadaykən yaranan problemlər nəticəsində gövdəsindən ayrılaraq yerə düşüb.
Nəticədə göyərtəsində təxminən 300-yə yaxın sərnişinin olduğu "Mahan Air" özəl aviaşirkətinə məxsus Tehrandan İranın cənubundakı Bəndər-Abbas şəhərinə uçuş həyata keçirən təyyarə paytaxtın Mehrabad hava limanına geri qayıdıb.
Məlumata görə, hadisədə sərnişin və heyət üzvlərindən xəsarət alan olmayıb. Təyyarə modelinin adı açıqlanmayıb.