Bakı. 31 may. REPORT.AZ/ "Nüvə Enerjisi Təşkilatının hesabına pul köçürülməyənədək İran istehsal etdiyi ağır suyu ABŞ-a satmayacaq".
"Report" xəbər verir ki, bunu İranın Nüvə Enerjisi Təşkilatının başçısı Əli Əkbər Salehi "Tasnim" agentliyinə müsahibəsində deyib.
"İki milyard dollarla bağlı məsələdən sonra təşkilatdakı həmkarlarıma ağır suyu göndərməkdən çəkinməyi məsləhət gördüm", - deyə Ə.Salehi bildirib.
40 ton ağır suyun Rusiyaya satılması məsələsinə münasibət bildirən Ə.Salehi deyib ki, hələlik yekun razılaşma yoxdur və tərəflər müqavilənin detallarını müzakirə edirlər.
Qeyd edək ki, ABŞ-ın Ali Məhkəməsi İranın bu ölkədə dondurulmuş bank hesablarından 2,65 milyard dolların ABŞ-ın bir qrup hərbçisinin ailələrinə verilməsi haqda qərar qəbul edib. Həmin məbləğ ABŞ-ın 241 əsgərinin zərəçəkmiş kimi tanınan ailəsinə veriləcək.
Xatırladaq ki, 1983-cü il oktyabrın 23-də Livanın paytaxtı Beyrutda "İslami-Cihad" və "Hizbullah"ın ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus kazarmalarını partlatması nəticəsində 241 amerikalı, Fransa bazasının partladılması nəticəsində 58 fransız əsgər həlak olub.
1979-cu il İslam inqilabından sonra İranın ABŞ banklarındakı hesabları dondurulmuşdu. Ötən ilin yayında İslam Respublikası ilə beynəlxalq vasitəçilər arasında əldə edilən razılaşmadan sonra həmin hesablara qoyulan sanksiyalar yumşaldılıb.
Bir müddət əvvəl ABŞ-ın Energetika Nazirliyi İranın nüvə obyektlərindən 32 ton ağır su almaq haqda 8,6 milyon dollar dəyərində razılaşma imzalamışdı.