Həştərxanda IV Xəzər sammiti açılır

Həştərxanda IV Xəzər sammiti açılır Sammitdə Xəzərdə qarşılıqlı fəaliyyət haqqında bəyanat qəbul ediləcək
Region
29 Sentyabr , 2014 09:38
Həştərxanda IV Xəzər sammiti açılır

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bu gün Rusiyanın Həştərxan şəhərində IV Xəzər sammiti açılır. "Report" RİA Novosti-yə istinadən xəbər verir ki, tədbirdə beş Xəzəryanı ölkələrin - Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın dövlət başçıları iştirak edəcək.

Sammitin yekununda bir sıra sənədlərin, o cümlədən Xəzərin hüquqi statusu ilə bağlı gələcəkdə imzalanacaq Konvensiyanın əsası olacaq siyasi bəyanatın  qəbul olunacağı gözlənilir. Sənədlərdə dövlət suverenliyi zonası və balıqçılıq zonasını müəyyən edən, eləcə də qeyri-region dövlətlərin silahlı qüvvələrinin Xəzərdə olmasının mümkünsüzlüyünü qəti müəyyən edən müddəalar əks olunacaq.  

"Həştərxanda Xəzərin birgə idarə olunması, onun müasir hüquqi rejiminin formalaşması məsələlərinin müzakirəsi planlaşdırılır" - deyə, sammitdən bir gün əvvəl RF prezidentinin köməkçisi Yuri Uşakov bildirib. 

Onun sözlərinə görə, əvvəlcə liderlərin təklikdə, daha sonra isə nümayəndə heyətləri ilə birgə görüşləri keçiriləcək. Dövlət başçıları bir sıra beştərəfli sənədlərin imzalanma mərasimində iştirak edəcək, sammitin rəsmi proqramı bitdikdən sonra isə prezidentlər Volqa çayının sahilində gəzintiyə çıxacaq və nərə balıqlarının Volqa çayına buraxılma mərasimində iştirak edəcəklər. 

Uşakov qeyd edib ki, Xəzər sammitində Xəzərin hüquqi statusu haqqında bəyanat qəbul ediləcək, lakin müvafiq konvensiya 2015-ci ildə Qazaxıstanda keçiriləcək növbəti sammitdə qəbul oluna bilər. Onun sözlərinə görə, siyasi bəyanat "Xəzəryanı dövlətlərin dənizdə qarşılıqlı fəaliyyət prinsiplərini yüksək səviyyədə möhkəmləndirir. Bəyanatın müddəaları daha sonra Xəzərin hüquqi statusu haqqında konvensiyanın mətnində nəzərə alınacaq".

Uşakov bildirib ki, Xəzərin statusunun hazırlanması üzrə xüsusi işçi qrupunun ekspertləri prezidentlərin bəyanatında əks olunacaq müddəaları razılaşdıra biliblər. "Bu müddəalar akvatoriyanın delimitasiyası haqqındadır. Belə ki, iki zona təsbit ediləcək. Bunlardan biri dövlət suverenliyi zonası, digəri isə balıqçılığa hüquq verən zonadır" - deyə, o vurğulayıb. Uşakov qeyd edib ki, bu iki zona 25 dəniz mili təşkil edəcək. 

Prezidentin köməkçisi əlavə edib ki, dörd ölkə BMT-nin 1982-ci il tarixli dəniz hüququ üzrə konvensiya ilə göstərilən metodikaları dəstəkləyirlər, İran isə başqa bir metodikanın tərəfdarıdır.

Son xəbərlər

Orphus sistemi