Gürcüstan prezidenti Salome Zurabişvili artıq 9-cu gündür ki parlamentin qəbul etdiyi “Amnistiya haqqında” qanunu imzalamır. Həbsxanalarda olan min nəfərdən çox məhbus bu səbəbdən öz azadlığına qovuşa bilmir.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze özünün sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, mindən çox məhbus 9-cu gündür ki prezidentin “Amnistiya haqqında” qanunu imzalamasını və istədiyi azadlığı gözləyir.
"Amnistiya insana həyata yenidən başlamaq imkanı verən ən humanist hərəkətlərdən biridir. Parlament çoxluğu böyük cəsarətlə bir qanun qəbul edib, lakin hələ də icra olunmur. Ona görə ki, xanım prezident hansısa naməlum və izahı çətin səbəbdən onu imzalamır. Halbuki minlərlə insanın taleyi və yaxşı gələcəyi bu bir əl hərəkətindən asılıdır”, - deyə Breqadze vurğulayıb.
O əlavə edib ki, əgər prezident qanunu oktyabrın 2-nə qədər imzalayıb dərc etməsə və ya əsaslandırılmış şərhlərlə parlamentə qaytarmasa, konstitusiyaya görə, parlamentin sədri onu 5 gün ərzində imzalayıb dərc edəcək.