Gürcüstanda azərbaycandilli məktəblərdə yeni dərsliklərin tətbiqi təxirə salınıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi məlumat yayıb.
Qonşu ölkənin gürcü dilli məktəbləri üçün 13 fənn üzrə 34 yeni dərslik 2019-2020-ci tədris ilinə qədər nəşr olunacaq. I-IV və V-VI siniflər üçün nəzərdə tutulan dərsliklər yeni tərtibatda hazırlanıb. Dərsliklər yeni tədris ilinin başlanmasına qədər çap olunaraq bütün məktəblərə paylanacaq.
Həmin dərsliklər 2020-ci ildə milli azlıqların dilinə - Azərbaycan, erməni və rus dillərinə tərcümə olunacaq. Tərcümə olunmuş dərsliklərin qeyri-gürcü dilli məktəblərdə tətbiqinə isə 2020-2021-ci tədris ilində başlanacaq.
Qeyd edək ki, Gürcüstanda qeyri-gürcü dilli məktəblərin I-VI sinifləri üçün yeni milli plana uyğun hazırlanmış dərsliklərin 2019-2020-ci tədris ili üçün nəşr olunacağı nəzərdə tutulurdu.