Tbilisidə etiraz aksiyası başa çatdı - YENİLƏNİB-2
- 05 fevral, 2020
- 10:26
Gürcüstan parlamentinin yaxınlığında səhər saatlarından etibarən keçirilən etiraz aksiyası başa çatıb.
“Report”un yerli bürosu xəbər verir ki, müxalifət nümayəndələri və tərəfdarları qanunverici orqanın qarşısındakı hasara “Ayıbdır” şüarını asıblar.
Müxalif Yeni Gürcüstan Partiyasının lideri Giorgi Vaşadze bildirib ki, proporsional seçki sistemi tələbi ilə aksiyalar davam etdiriləcək.
Vahid Milli Birlik Hərəkatı Partiyasının liderlərindən biri Zaal Udumaşvili isə deyib ki, qələbəyə aparacaq yolda bütün etiraz formalarından istifadə olunacaq: “Biz birlikdə proporsional seçki sisteminə nail olacağıq. Bu gün başlanğıcdır. İvanişvilinin rejimi gözlənildiyindən daha tez sona çatacaq”.
*** 13:37
Tbilisidə parlament binasının yaxınlığında etiraz aksiyasında gərginlik yaranıb.
“Report”un yerli bürosu xəbər verir ki, etirazçılar qanunverici orqanın dəmir qapısına qıfıl bağlamağa cəhd ediblər.
Polis əməkdaşları buna imkan verməyərək qıfıl asmağa cəhd edən şəxsləri qapının qarşısından uzaqlaşdırıb. Nəticədə tərəflər arasında qarşıdurma baş verib.
*** 10:50
Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası keçirilir.
“Report”un yerli bürosu xəbər verir ki, aksiyada müxalifət partiyalarının nümayəndələri və ictimai fəallar iştirak edirlər.
Meydana toplaşanlar etiraz aksiyası çərçivəsində parlament çoxluğunun üzvü olan deputatlar üçün “utanc dəhlizi” də yaratmağı planlaşdırırlar.
Etirazçılar parlamentin binası qarşısındakı hasara Kremlin fotosunun olduğu baner asıblar. Onların sözlərinə görə, hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili Rusiyanın maraqlarına uyğun siyasət aparır.
Aksiyanın əsas tələbi ölkədə ədalətli seçki sisteminin yaradılmasıdır.
Müxalifət liderləri parlament yaxınlığında etiraz aksiyalarının qanunverici orqanın iclasları ilə paralel davamlı olaraq keçiriləcəyini bildiriblər.
Qeyd edək ki, Gürcüstan parlamentinin yaz sessiyası ötən gün açılıb. Müxalif Vahid Milli Birlik Hərəkatı və Avropalı Gürcüstan partiyaları qanunverici orqanın iclaslarını boykot edib. Qanunverici orqanın qarşısındakı ərazi yanvarın 22-dən etibarən təmir-bərpa işləri üçün dəmir konstruksiya ilə əhatəyə alınıb.