Gürcüstanda sürücülər narkotestdən keçiriləcək
- 27 mart, 2019
- 17:39
Bu ilin aprel ayının birindən etibarən Gürcüstanda sürücülərin narkotik vasitələr istifadə edib-etmədiyi yerindəcə yoxlanılacaq.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Sürücülərin nəqliyyat vasitələrini narkotik vasitələrin təsiri altında idarə edib-etmədikləri xüsusi testlə müəyyən olunacaq. Artıq Gürcüstana Almaniya istehsalı olan 10 min narkotest gətirilib.
Narkotik vasitələr istifadə edən sürücülərə qarşı cərimə və ya 1 ilədək həbs cəzası tətbiq olunacaq.
Qeyd edək ki, hazırda Gürcüstanda sürücülərin narkotiklərdən istifadə edib-etmədiyi laboratoriyada müəyyən olunur. Narkotik vasitələrin təsiri altında nəqliyyat vasitələrini idarə edən sürücülər sürücülük vəsiqəsindən məhrum olunurlar.