Tbilisi. 16 oktyabr. REPORT.AZ/ Gürcüstanda prezidentliyə namizədliyin geri götürülməsi ilə bağlı müddət başa çatıb.
“Report”un yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze deyib.
O bildirib ki, qeydiyyata alınmış 25 namizədin heç biri namizədliyinin geri götürülməsi ilə bağlı müraciət etməyib:
“Buna müvafiq olaraq, seçki bülleteninə 25 namizədin hamısı daxil ediləcək”.
Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də keçiriləcək. 25 namizədin 19-u siyasi partiya, 6-sı isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
Bundan əvvəl Gürcüstan prezidentliyinə müstəqil namizəd Salome Zurabişvilinin təşviqat materiallarının daşındığı yük maşınında yanğın baş verdiyi bildirilmişdi.