Gürcüstanda prezident seçkilərinin ikinci turu dekabrın 2-də keçirilə bilər
- 05 noyabr, 2018
- 08:01
Tbilisi. 5 noyabr. REPORT.AZ/ Gürcüstanda prezident seçkilərinin ikinci turu dekabr ayının 2-də keçirilə bilər.
“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə məlumatı “InterPressNews” xəbər agentliyi Gürcüstanın Mərkəzi Seçki Komissiyasından (MSK) əldə edib.
Məlumata əsasən, MSK-da seçkilərin ikinci turunun 2 dekabr tarixinə təyin olunması məsələsi müzakirə olunur.
Qeyd edək ki, Gürcüstanda prezident seçkilərinin ilk turu oktyabrın 28-də keçirilib. Prezidentliyə namizədlərdən heç biri səslərin 50%-dən çoxunu qazana bilməyib. Ölkə qanunvericiliyinə əsasən, prezident seçkilərinin ikinci turu dekabrın 2-dən gec olmayaraq keçirilməlidir. İkinci turda mübarizə hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və “Güc birlikdədir” siyasi birliyinin namizədi Qriqol Vaşadze arasında aparılacaq.