Gürcüstanda Nəriman Nərimanovun anadan olmasının 149-cu ildönümü qeyd olunub - FOTO

Gürcüstanda Nəriman Nərimanovun anadan olmasının 149-cu ildönümü qeyd olunub - FOTO Gürcüstanda Azərbaycanın görkəmli ictimai-siyasi xadimi və böyük ədibi Nəriman Nərimanovun anadan olmasının 149-cu ildönümü qeyd olunub.
Region
14 Aprel , 2019 15:02
Gürcüstanda Nəriman Nərimanovun anadan olmasının 149-cu ildönümü qeyd olunub - FOTO

Gürcüstanda Azərbaycanın görkəmli ictimai-siyasi xadimi və böyük ədibi Nəriman Nərimanovun anadan olmasının 149-cu ildönümü qeyd olunub.

"Report"un yerli bürosu xəbər verir ki, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) və N.Nərimanovun Tbilisidəki xatirə muzeyinin birgə təşkilatçılığı ilə Marneulidə ədibin heykəli önündə anım tədbiri keçirilib.

Öncə tədbir iştirakçıları - ziyalılar, məktəblilər, gənclər və ictimaiyyət nümayəndələri heykəlin önünə gül dəstələri qoyaraq N.Nərimanovun xatirəsini ehtiramla anıblar.

GAİM-in icraçı direktoru Aygül İsayeva N.Nərimanovun Azərbaycan və Gürcüstandakı böyük xidmətlərindən söz açaraq onun iki ölkə arasında dostluq və mənəvi körpü rolunu oynadığını bildirib.

Onun sözlərinə görə, N.Nərimanovun Marneulidəki heykəlinin yerləşdiyi parka və mədəniyyət evinə böyük ictimai xadimin adının rəsmən verilməsi barədə rayon rəhbərliyinə müraciət olunub: “Ümid edirik ki, gələn il Nəriman Nərimanovun anadan olmasının 150 illiyi çərçivəsində buna nail olunacaq”.

N.Nərimanovun Tbilisidəki xatirə muzeyinin kuratoru Rəna Dəlivalova çıxışında ictimai xadimin Marneulidəki fəaliyyətindən söz açıb: “Nəriman Nərimanov Azərbaycan və Gürcüstanın tarixini mükəmməl bilib. O, Marneulidə pasiyentləri ödənişsiz müayinə edib, xeyriyyəçiliklə məşğul olub”.

Daha sonra çıxış edən Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev N.Nərimanovu görkəmli şəxsiyyət və Aərbaycan xalqının böyük oğlu adlandırıb.

Deputatın sözlərinə görə, N.Nərimanovun heykəlinin Marneulidəki parkdan götürülməsi barədə yayılan bəzi məlumatlar həqiqətə uyğun deyil: “Heykəlin götürülməsi və ya başqa yerə köçürülməsi heç vaxt müzakirə mövzusu olmayıb. Gürcüstan hökuməti ölkədə yaşayıb yaratmış görkəmli azərbaycanlı ədiblərin xatirəsinin yaşadılmasına böyük diqqət yetirir. Gələcəkdə Nəriman Nərimanovun heykəlinin abadlaşdırılması nəzərdə tutulub”.

Çıxış edən digər ziyalılar da N.Nərimanovun həyat və yaradıcılığından söz açaraq gələn il ictimai xadim və ədibin 150 illiyinin Marneulidə yüksək səviyyədə qeyd olunacağına ümidvar olduqlarını bildiriblər.

Sonda məktəblilər N.Nərimanovun oğlu Nəcəfə vəsiyyətini oxuyublar.

Tədbir çərçivəsində N.Nərimanovun fotoşəkillərindən və onun haqqında yazılmış kitabların sərgisi və yeniyetmə və gənclərin görkəmli xadimin Tbilisidəki xatirə muzeyinə ziyarəti təşkil olunub.

Xatırladaq ki, N.Nərimanov 1870-ci ilin aprelin 14-də Tbilisi şəhərində anadan olub. O, bir neçə il Marneuli rayonunun Qızılhacılı kəndində müəllim və həkim kimi fəaliyyət göstərib.

Son xəbərlər

Orphus sistemi