Tbilisi. 12 noyabr. REPORT.AZ/ Gürcüstanın parlament çoxluğunun üzvü Levan Koberidze qanunverici orqanda lüstrasiya haqqında qanun layihəsi təşəbbüsü ilə çıxış etməyə hazırlaşır.
“Report”un Gürcüstan bürosunun məlumatına görə, bu barədə deputat özünün “Facebook” səhifəsində yazıb.
L.Koberidze deputat həmkarlarını qanun layihəsini dəstəkləməyə çağırıb: “Lüstrasiya haqqında qanun! Təcili! Gürcüstanın siyasi həyatında sovet keçmişi ilə tamamilə vidalaşmaq, hər şeyi öz adı ilə adlandırmaq, gələcək nəsillərin daha yaxşı Gürcüstan qurmaları, ölkənin tərəqqi yolu ilə getməsi üçün parlamentdə lüstrasiya haqqında qanun layihəsi təşəbbüsü ilə çıxış etməyi planlaşdırıram. Deputat həmkarlarımı mənə qoşulmağa və bu addımı birgə atmağa çağırıram”.
Qeyd edək ki, Gürcüstan prezidentliyinə namizəd Qriqol Vaşadzenin sovet diplomatı olması cəmiyyətdə müəyyən narazılıqlar yaradıb. Q.Vaşadze bu yaxınlarda “Deutsche Welle”yə müsahibəsində sovet diplomatı olması ilə fəxr etdiyini deyib.