Gürcüstanda azərbaycanlılar yaşayan kənddə ilk uşaq bağçası istifadəyə verilib
- 06 may, 2019
- 12:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunun Qaracalar kəndində yeni uşaq bağçası açılıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, açılış mərasimində Qardabani rayonunun icra başçısı Ramaz Budaqaşvili və yerli idarəetmə orqanlarının nümayəndələri iştirak ediblər.
Uşaq bağçasında üç qrupda 100 uşaq təlim-tərbiyə olunacaq. Müəssisədə Qaracalar kəndindən olan 15 müəllim çalışacaq.
Bağça binasının eksteryer və interyeri müasir standartlara tam cavab verir. Müəssisənin bütün otaqları ekoloji təmiz inventarla, vanna otaqları, istilik sismeti və yemək otağı ilə təchiz olunub.
Bu il ərzində bağçanın həyəti abadlaşdırılaraq attraksionlar quraşdırılacaq.
Qeyd edək ki, bu günə qədər Qaracalar kəndində məktəbəqədər tərbiyə müəssisəsi fəaliyyət göstərməyib. Bu ilin aprel ayında Qardabani rayonunun Kosalı və Nəzərli kəndlərində də yeni uşaq bağçaları istifadəyə verilib.