Gürcüstan parlamenti Tbilisiyə qaytarılır

Region
  • 21 sentyabr, 2018
  • 07:31
Gürcüstan parlamenti Tbilisiyə qaytarılır

Tbilisi. 21 sentyabr. REPORT.AZ/ Gürcüstan parlamenti Kutaisi şəhərindən tamamilə paytaxt Tbilisiyə köçürüləcək.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə hakim komanda qərar qəbul edib.

Qərara əsasən, qanunverici orqanın plenar iclasları gələn ilin yanvarın 1-dən etibarən Tbilisidə keçiriləcək.

Kutaisidə yerləşən parlament binası isə Gürcüstanın Daxili İşlər Nazirliyinin tabeliyinə veriləcək.

Parlamentin vitse-spikeri Tamar Çuqoşvili bildirib ki, qanunverici orqanın iki binada fəaliyyət göstərməsi kifayət qədər çətin olub: “Parlamentin güclənməsi və xərclərin azaldılması üçün biz onun Tbilisidə yerləşməsi barədə qərar qəbul etdik”.

Qonşu ölkə parlamenti 2012-ci ilin oktyabrından Kutaisidə fəaliyyət göstərib.

2014-cü ildən parlamentin yalnız komitə iclasları Tbilisidəki binada keçirilib.