Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 31-də ölkə parlamentinə keçiriləcək seçkilərlə bağlı Azərbaycanda seçki məntəqəsi yaratmağı planlaşdırır.
Bu barədə “Report”un yerli bürosuna açıqlamasında MSK-nın mətbuat katibi Ana Mikeladze bildirib.
Onun sözlərinə görə, seçki məntəqəsinin Gürcüstanın Azərbaycandakı səfirliyində yaradılması nəzərdə tutulub: “Gürcüstanın Gəncə şəhərindəki Baş Konsulluğunda məntəqənin yaradılıb-yaradılmayacağı orada qeydiyyata alınacaq seçicilərin sayından asılı olacaq. Bu məsələ hazırda nəzərdən keçirilir”.
A.Mikeladze qeyd edib ki, Gürcüstandan kənarda 40-a yaxın ölkədə seçki məntəqəsinin açılacağı gözlənilir: “Bununla bağlı yekun qərar hələ qəbul edilməyib. Bu proses həmin ölkələrdəki epidemioloji vəziyyət və daxili tənzimləmələrdən asılı olacaq”.
Qeyd edək ki, ötən gün Gürcüstanın Xarici İşlər Nazirliyindən Azərbaycanda 7 038 ölkə vətəndaşının konsulluq qeydiyyatında olduğu bildirilib. Azərbaycanda olan Gürcüstan vətəndaşları parlament seçkilərində səsvermədə iştirak etmək üçün oktyabrın 10-dək konsulluq şöbəsində qeydiyyata düşməlidirlər.