Tbilisi. 19 fevral. REPORT.AZ/ Gürcüstanda builki tədris ilindən başlayaraq ictimai məktəblərdə Çin dilinin tədris olunacağı gözlənilir.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi məlumat yayıb.
Məktəblərin istəyindən asılı olaraq, Çin dili təhsil müəssisələrində ikinci xarici dil kimi öyrədiləcək.
Çin dilini istənilən ictimai məktəb 5-ci sinifdən başlayaraq tədris edə biləcək. Bu dili tədris edəcək müəllimlərin hazırlanması ilə bağlı proqram həyata keçiriləcək.
Gürcüstan məktəblərində Çin dilinin populyarlaşdırılmasını nəzərdə tutan memorandum bu günlərdə Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batişavili və Çin səfiri Dzi Yençi arasında imzalanıb.
Qeyd edək ki, hazırda qonşu ölkə məktəblərində məcburi xarici dil ingilis dilidir. Bəzi ictimai məktəblərdə şagirdlərin ikinci xarici dil kimi seçə biləcəyi rus, italyan, alman və fransız dilləri də tədris olunur.