Gürcüstan məhkəməsi genişmiqyaslı etirazlara səbəb olan qətl işi üzrə iki gənci məhkum edib

Region
  • 01 iyun, 2018
  • 11:42
Gürcüstan məhkəməsi genişmiqyaslı etirazlara səbəb olan qətl işi üzrə iki gənci məhkum edib

Bakı. 1 iyun. REPORT.AZ/ Gürcüstanın Tbilisi Şəhər Məhkəməsi qətl törətməkdə və qətl törətməyə cəhddə təqsirləndirilən yuxarı sinif şagirdlərini 10 və 9 il müddətinə azadlıqdan məhrum edib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu cinayət işi böyük əks-səda doğurub və ölənlərin birinin atası olan Zaza Saralidze tərəfindən təşkil edilən və bütün ölkəni əhatə edən kütləvi etirazlara səbəb olub.

Z.Saralidze Tbilisidə iki məktəbin şagirdləri arasında baş verən kütləvi davada oğlunun saxlanılanlar tərəfindən yox, prokurorluğun qorumağa çalışdığı yüksək çinli məmurların övladları tərəfindən 12 deşilmiş yara aldığını bildirib.

Dünən məhkəmə saxlanılan iki şəxsin Z.Saralidzenin oğlu David Saralidzeni öldürməsi ilə bağlı versiyanı rədd edib. Məhkəmə saxlanılan gəncləri elə həmin kütləvi davada digər yuxarı sinif şagirdi Levan Dadunaşvilini öldürməkdə günahkar bilib.

Qeyd edək ki, dünən kütləvi etiraz aksiyaları fonunda Gürcüstanın baş prokuroru İrakli Şotadze istefa verib.

Ardından Tiflisdə parlament binası qarşısında etiraz edənlər hökumətin istefasını və növbədənkənar parlament seçkilərinin təyin edilməsini tələb ediblər. Etiraz aksiyası bu gün saat 16:00-da davam etdiriləcək.

Bu gün Gürcüstan prezidenti Giorgi Marqvelaşvili öldürülən gəncin atası Zaza Saralidze ilə görüşmək üçün parlament binası qarşısında quraşdırılan çadırlara gəlib. Dəstək göstəricisi olaraq prezident Saralidzeni qucaqlayıb və ona başsağlığı verib. 

44 filmi