Ermənistanın siyasi rəhbərliyinin səhv addımları, düşünülməmiş qərarları nəticəsində iqtisadiyyatın, demək olar ki, bütün strukturları tənəzzülə uğramaqda davam edir. İş o həddə çatıb ki, dünyanın bütün ölkələrində inkişaf mərhələsini yaşayan İT sektoru da iflas etmək üzrədir. Bunun səbəbi isə bu sahədə baş nazirin göstərişi ilə həyata keçirilən yeyinti hallarıdır.
Qeyd etmək yerinə düşər ki, son vaxtlar Rusiya ilə münasibətlərin gərginləşməsi Yuxarı Lars keçid məntəqəsində də növbəti problemlərə səbəb olub. Bu dəfə isə Moskvadan əsən külək sərt olub və ixrac olunan erməni konyakının 90 faizinin keyfiyyətsiz olduğu bildirilib. Bu da yerli istehsalçıları çətin vəziyyətə salmaqla yanaşı, ölkənin ixracına ciddi zərbə vurub. Maraqlıdır ki, rəsmilər bu barədə susqunluq nümayiş etdirir, dövlət məmurları hər gün iqtisadi artımdan dəm vururlar.
Ötən ilin sonunda isə səs-küy və qalmaqalla iqtisadiyyat naziri postundan uzaqlaşdırılan, cinayət işinə cəlb edildikdən sonra bir neçə ay həbsdə qalan Vaan Kerobyan hökuməti tənqid etməyə başlayıb. Bu yaxınlara qədər susqunluq nümayiş etdirən, hər vəchlə hakim partiyaya sadiqliyini dilə gətirən Kerobyanın birdən-birə “cəsarətlənməsi” də təsadüfi deyil. Son günlər Ermənistanın siyasi mühitində baş verən təlatümlər, müxalifətin sentyabr ayına güclü aksiyalar keçirməklə bağlı verdiyi vədlər, “Vətən naminə Tavuş” hərəkatının lideri, erməni keşiş Baqrat Qalstanyanın sona qədər mübarizə aparmaqla bağlı çıxışları, Ermənistanın sabiq prezidenti Robert Köçəryanın aktivləşməsi, Qarabağ ermənilərinin hökumətə qarşı hücumlarının artması fonunda sabiq nazirin də hakimiyyəti tənqid etməsi başadüşüləndir.
Kerobyan hökuməti tənqid etməklə müxalifətə mesaj göndərir, onları dəstəklədiyini sətiraltı çatdırır, ölkədəki haqsızlıqlardan bezdiyini dilə gətirir.
Sabiq nazir son açıqlamasında ölkədəki uğursuzluqlardan danışsa da, konkret Nikol Paşinyanın adını çəkməyə hələ cürət etmir. Amma açıqlamadan məlumdur ki, uğursuzluğun səbəbkarı və əsl günahkarı elə baş nazirdir. Kerobyan hökuməti İT sektorunun imkanlarını məhv etməkdə və Gürcüstana peşkəş etməkdə ittiham edir. O bildirib ki, məsul şəxslər nəzərdə tutulan yol xəritəsini yerinə yetirmədikləri üçün belə bir vacib sahə tənəzzülə uğrayıb. Eyni zamanda, qeyd edilib ki, hökumətin əməlləri nəticəsində təkcə beynəlxalq deyil, həm də yerli təşkilatlar Ermənistan bazarını tərk edəcək.
İT Sektorunun tənəzzülü və yeyinti
Kerobyanın açıqlamalarından sonra aparılan araşdırma göstərir ki, həqiqətən də bu gün Ermənistanda İT sektoru tənəzzülə uğrayıb. Rəsmi rəqəmlərə baxsaq, cari ilin birinci yarısında sözügedən sahədə azalma 14 faizdən çox olub. Bu yaxınlarda dövlət büdcəsindən bu sahəyə 2 milyard dram ayrılıb. Bundan əvvəl də birinci mərhələdə 1.5 milyard dram ayrılmışdı. Ümumilikdə isə 2024-cü ildə sektora birbaşa olaraq 5 milyard dram dövlət dəstəyi göstərilib. İT sektorunda maaşlar da 2-10 min dollar arası dəyişir. Reallıq isə göstərir ki, sektor Ermənistanda heç bir iqtisadi nəticə yaratmır, sadəcə xarici sifarişlər əsasında işləyir. Amma bu sahədə həyata keçirilən siyasət baxımından baş verənlər heç bir məntiqə sığmır.
Hökumət dövlət vəsaiti hesabına külli miqdarda vəsait ayırır ki, İT sahəsində çalışanların onsuz da həddindən artıq yüksək olan maaşları saxlanılsın və daha da artırılsın. Son məlumatlara görə, İT sahəsində orta əməkhaqqı 850 min dramı keçir ki, bu da orta əməkhaqqından üç dəfə çoxdur. Buna baxmayaraq, iqtisadiyyatın bir çox sektorları bu cür dəstəkdən məhrum olsa da, milyardlarla dövlət vəsaiti yalnız İT işlərinin saxlanmasına və yüksək, həddindən artıq yüksək maaşların ödənilməsinə yönəldilir. Ötən il də bu sektora 25 milyon dollar dövlət dəstəyi verilib. Bu qədər dəstəkdən sonra da sektor tənəzzüldədir. Nəinki inkişaf və tərəqqi yoxdur, əksinə, vəziyyət daha da pisləşir. Bu ilin ilk beş ayında İT-də kifayət qədər böyük azalma qeydə alınıb. İstehsalın həcmi təxminən 10 faiz azalıb. Tənəzzül getdikcə dərinləşir. Martda sektorda azalma 8 faizə yaxın, aprel-may aylarında isə 19 faizə çatıb.
Digər sektorlara isə dövlət dəstəyi sıfır səviyyəsindədir. İqtisadiyyatın istehsal sahələrində problemlər dərinləşir, istehsal həcmi azalır, satış bazarlarında rəqabət qabiliyyəti məhv olur. Hökumət isə bu sektorlara dəstək göstərmir ki, problemlər azalsın. Əvəzində isə İT sektoruna dayanmadan maliyyə dəstəyi ayrılır. Bunun isə sadə səbəbi var. Əslində bu sahəyə ayrılan vəsait ciblərə axır. İT sektoru ilə bağlı tenderlərin qalibi Paşinyanın ən yaxın çevrəsinin şirkətləridir. Eyni zamanda, bu sahədə də yüksək maaş sadəcə hakim partiyanın siyahısı əsasında müəyyənləşən şəxslərə verilir. Qısacası, bu sektor da “Vətəndaş müqaviləsi”nin yeyinti sahəsinə çevrilib.
Sektordakı problem bununla da bitmir. Məlum olub ki, İT sahəsinə ayrılan vergi güzəştləri cari ildə tədricən dayandırılıb. 2025-cilin 1 yanvar tarixindən isə bu sahə üzrə 20 faizlik mənfəət vergisi (bu günə qədər 10 faiz təşkil edib) tətbiq ediləcək. Bu isə rəqabət qabiliyyəti və inkişafa mənfi təsir göstərəcək. Bu səbəbdən də Ermənistandakı İT şirkətləri qonşu Gürcüstana üz tutur. Keçmiş nazirin Gürcüstanla bağlı dediyi məsələ də bununla bağlıdır. Çünki Gürcüstan qanunlarına görə, İT sektoru şirkətlərinin dövriyyə vergisi cəmi 1 faiz təşkil edir. Bu səbəbdən də bir sıra şirkət İrəvanı tərk edərək Tiflisdə ofis açmağı üstün tutur. Təsadüfi deyil ki, cari ilin birinci yarısında Ermənistanda qeydiyyatdan keçmiş İT şirkətlərinin sayı 5163-dən 1174-ə qədər azalıb.
Səhv qərar və konyak problemi
V.Kerobyan hökuməti təkcə İT sektoru ilə bağlı tənqid etməyib. Onun açıqlamarı son dövrlər Rusiya bazarında erməni konyakının keyfiyyətsizliyi ilə bağlı yaranan səs-küyə də yönəlib. Sabiq nazir bu məsələdə də hökuməti günahlandıraraq, baş nazirin iki müavininin adını çəkib. Xatırlatmaq yerinə düşər ki, “Antikontfakt” assosiasiyası və Rusiyanın Spirtli, Alkoqollu İçki İstehsalçıları İttifaqı birgə araşdırma elan edib və bildirilib ki, Rusiya mağazalarında satılan erməni içkilərinin demək olar ki, 90 faizi təhlükəlidir. Tədqiqat üçün 10 ən böyük erməni istehsalçısının 20-dən çox brendindən 200 nümunə alınaraq ekspertizaya göndərilib. Sınaqların nəticələrinə əsasən, 177 nümunədə pozuntu aşkar edilib ki, bu da ümumi göstəricinin 89 faizini təşkil edir. Məhsulun demək olar ki, yarısında üzümsüz spirt aşkar edilib ki, bu da brend standartlarına ziddir.
Məlum olur ki, ixrac edilən konyak spirtinə yalnız İsveçrə şirkəti lazımi laboratoriya sınaqları keçirdikdən və keyfiyyətini təsdiq etdikdən sonra imtiyaz verilməsi planlaşdırılıb. Bu tövsiyə Kerobyanın nazir olduğu dövrdə edilib. Amma hökumət bu qərarı qəbul etməyib və keyfiyyətli araşdırma tələb etməyən variantı qəbul edib. Bu işdə də Mher Qriqoryan və Tiqran Xaçatryan xüsusi canfəşanlıq ediblər. Sözügedən baş nazir müavinləri təkid ediblər ki, hökumətin qərarında belə bir tələb qoyulmamalıdır. Bu isə ixrac olunan brendin keyfiyyətində problemlərin yaranmasına səbəb olub.
Paşinyan hökumətinin Rusiya bazarına ixrac olunan konyak spirtinin keyfiyyət yoxlamasını keçməsinə ehtiyac olmadığı barədə qərarı isə onminlərlə üzüm istehsalçısına təsir edib. Çünki onların məhsullarına tələbat azalır, əvəzində üzümdən istehsal olunan keyfiyyətsiz spirtə tələb artıb. Əslində isə yüksək keyfiyyətli məhsulların ixracını təşviq etmək üçün keyfiyyətlə bağlı sərt qaydaların tətbiqi zəruridir.
İxracla bağlı problem təkcə Rusiya ilə məhdudlaşmır. Son rəqəmlər sübut edir ki, Avropa ilə yaxınlaşmaqdan dəm vuran Paşinyan hökumətinin Aİ ilə ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə azalıb. Bu isə son 20 ilin ən zəif göstəricisi deməkdir.
Son olaraq, söyləmək lazımdır ki, Ermənistanda İT sektorunun tənəzzülü uzun müddət davam etsə, iqtisadiyyatın bu sahəsi sadəcə itirilə bilər. Çünki hətta Rusiyadan da Ermənistana axın edən mütəxəssislər son iki ildə Kipr, ərəb ölkələri və Gürcüstana üz tutublar. Bununla yanaşı, ingilis dilini öyrənən erməni mütəxəssislər də maaşın yüksək olduğu sektoru tərk edərək xarici ölkələrə üz tuturlar. Bu da hökumətin səhv qərarlarının, bu sahəni yeyinti oylağına çevirməsinin nəticələridir. Bu gün tənəzzüllə qarşılaşan İT sahəsini bərpa etmək isə çox çətin görünür.
Kamil Məmmədov