​Erməni və yunan lobbisi Atatürkün heykəlinin qoyulmasına imkan verməyib

​Erməni və yunan lobbisi Atatürkün heykəlinin qoyulmasına imkan verməyib Karson-Siti bələdiyyəsinin sədri də səsvermə zamanı əvvəlki qərarını dəyişərək layihənin əleyhinə səs verib
Region
5 Mart , 2015 16:14
​Erməni və yunan lobbisi Atatürkün heykəlinin qoyulmasına imkan verməyib

Bakı. 5 mart. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatındakı Karson-Siti şəhərində erməni və yunan lobbisi Mustafa Kamal Atatürkün xatirə abidəsinin qoyulmasına imkan verməyib.

"Report" xəbər verir ki, bu haqda məlumatı Türkiyə KİV-i yayıb.

Məlumata görə, uzun müddətdir şəhər bələdiyyəsində müzakirə olunan bu məsələ haqda qərar ABŞ-dakı erməni və yunan lobbilərinin təsiri ilə qəbul edilməyib.

Xəbərdə bildirilib ki, Erməni İnqilabçı Federasiyasının Qərbi ABŞ Mərkəzi Komitəsi, Erməni Beynəlxalq Komitəsinin ABŞ-ın Qərbindəki Komitəsi, Erməni Gənclik Federasiyası, Amerika-Yunan Şurası kimi qrupların 400-dən artıq üzvü Karson-Sitinin bələdiyyə binasının önündə etiraz aksiyası keçiriblər.

Qlendale şəhər bələdiyyəsinin sədri Zareh Sinanyan, Montebello bələdiyyəsinin sədri Jak Hacıyan və Amerika-Yunan Şurası sədrinin müavini Aris Anaqnos tədbirdə məsələnin əleyhinə çıxış ediblər. Onlardan başqa, Kaliforniya ştatı məclisinin erməni üzvləri də bu planın gerçəkləşməsinə qarşı olduqlarını bələdiyyəyə yazılı şəkildə bildiriblər.

Məlumata əsasən, şəhər bələdiyyəsinin sədri Cim Dir isə səsvermə zamanı əvvəlki qərarını dəyişərək layihənin əleyhinə səs verib.

Türkiyənin Los-Ancelesdəki konsulu Raife Gülru Gezer xatirə abidəsinin qoyulmasını müdafiə edib.

Xəbərdə vurğulanıb ki, Kaliforniyadakı türklər bu məsələyə maraq göstərməyiblər. 

Son xəbərlər

Orphus sistemi