“2022-ci ildə Türkiyənin ixracatı bir il əvvəllə müqayisədə 12,9% artaraq 254,2 milyard dollara çatıb ki, bu da ölkə tarixində rekord göstəricidir”.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Türkiyənin 2022-ci il üçün xarici ticarət göstəriciləri ilə bağlı keçirilən tədbirdə deyib.
“Son 20 il ərzində biz ölkənin inkişafı üçün fəal addımlar atırıq. Türkiyənin bu gün ixracı elə bir səviyyədədir ki, onun artımını Rusiya və Ukrayna arasındakı müharibə kimi qeyri-müəyyənliklər və maneələr, habelə energetika və xammal sferalarındakı böhranlar dayandıra bilməz”, - o bildirib.
Ərdoğan qeyd edib ki, 2022-ci ilin üçüncü rübündə Türkiyənin ÜDM artımı 6,2%-ə çatıb.
Prezident rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) iqtidarda olduğu dövrdə ölkədə ixracın həcminin 7 dəfə artdığını, 20 il əvvəl qeydə alınan 36 milyard dollardan indiki 254,2 milyard dollar səviyyəsinə yüksəldiyini vurğulayıb.
O, iqtisadiyyatın rəqəmsallaşdırılması, eləcə də ölkənin bütün ərazisini əhatə edən ekoloji təşəbbüslərin həyata keçirilməsi istiqamətində kursun dəyişməzliyini elan edib.
Bundan əlavə, Ərdoğan qeyd edib ki, Türkiyənin 2023-cü il üçün tibbi xidmətlər, eləcə də informasiya texnologiyaları sahəsində ixrac hədəfi 5 milyard dollar səviyyəsində müəyyən edilib.