Ekspert: “Rusiya İran dronlarından qanadlı raketlərin ucuz əvəzedicisi kimi istifadə edir”

Region
  • 17 noyabr, 2022
  • 12:29
Ekspert: “Rusiya İran dronlarından qanadlı raketlərin ucuz əvəzedicisi kimi istifadə edir”

"Rusiya Ukraynanın infrastrukturuna hücumlar zamanı İran istehsalı olan pilotsuz uçuş aparatlarından (PUA) bahalı qanadlı raketlərin ucuz əvəzedicisi kimi istifadə edir".

Bunu "Report"a hərbi ekspert David Gendelman Rusiyanın Ukraynaya qarşı müharibədə İran istehsalı olan PUA-lardan istifadəsini şərh edərkən deyib.

"İran Rusiyaya dronları bu ölkə ilə strateji əməkdaşlığın gücləndirmək məqsədilə satır. Görünür, nüvə sazişinin imzalanması və İrana qarşı sanksiyaların götürülməsi şanslarını aşağı qiymətləndirən İran rəhbərliyi "rədd edilmişlər birliyini" gücləndirmək qərarına gəlib. Hazırda həm İrana, həm də Rusiyaya qarşı sanksiyalar tətbiq edilir və bu, onları yaxınlaşmağa və təmas nöqtələri axtarmağa sövq edir”, - o deyib.

Ekspertin sözlərinə görə, Rusiya və İran 2015-ci ildən, Suriyada birgə əməliyyatların başlanmasından sonra hərbi sahədə əməkdaşlıq edir: "Hazırda bu əlaqələrin möhkəmlənməsinin və güclənməsinin şahidi oluruq".

D.Gendelman vurğulayıb ki, Rusiyaya silah tədarükü ilə əlaqədar İrana qarşı əlavə sanksiyaların tətbiqinə gəlincə, hazırda yalnız PUA tədarükü ilə məşğul olan konkret şəxslərə və şirkətlərə qarşı sanksiyalar tətbiq edilir: "Daha geniş sanksiyalar və digər təzyiq tədbirləri müzakirə olunur. Bunu ABŞ Dövlət Departamentinin bəyanatlarından da görmək olar, lakin hələlik hər şey bəyanatlar səviyyəsində qalıb".

44 - Tezliklə