“İran Baş Prokurorunun ölkədə əxlaq polisini ləğv etmək niyyəti ilə bağlı açıqlaması çox güman ki, dünya mətbuatının və Qərb hökumətlərinin diqqətini ölkədəki daxili vəziyyətdən yayındırmaq məqsədi daşıyır”.
Bunu "Report"a Vaşinqtondan xarici siyasət və enerji üzrə məsləhətçi Umud Şokri bildirib.
O deyib ki, bu, çox güman, İran İslam Respublikasının təbliğat və təhlükəsizlik aparatının həyata keçirdiyi “psixoloji əməliyyatdır: "Ölkədə şəxsi azadlıqların olmaması, çoxsaylı iqtisadi problemlər və etnik qruplara qarşı sistemli ayrı-seçkilik 3 ay əvvəl İranda Məhsa Əmininin əxlaq polisi tərəfindən qətlə yetirilməsindən sonra başlayan etirazların miqyasının artmasına səbəb olub".
Onun sözlərinə görə İran gec-tez bu etirazları yatıra bilər, lakin müasir dövrdə İranın siyasi tarixi Məhsa Əmininin öldürülməsindən əvvəlki və sonrakı dövrlərə bölünməlidir.
Ekspert vurğulayıb ki, İran qısamüddətli perspektivdə hicab tələblərini və ölkədə ümumi polis nəzarəti mühitini yumşalda bilər, lakin ortamüddətli perspektivdə qadınlar üçün geyim qaydalarına məhdudiyyətlər tətbiq olunmaqda davam edəcək.
Bununla belə, analitikin fikrincə, İranın gələcəyini təhdid edən daha mühüm məsələlər son ayların etirazları deyil, potensial su və ekoloji böhran, iqlim dəyişikliyi və enerji problemləridir.