"Şərq-Qərb Trans-Xəzər nəqliyyat dəhlizi də daxil olmaqla, ölkələrin tranzit potensialının gücləndirilməsi üçün səylərin artırılması və Azərbaycan, Türkiyə və Türkmənistanın dəniz limanları arasında əməkdaşlığın təşviq edilməsi vacibdir".
"Report" xəbər verir ki, bunu Azərbaycan xarici siyasət idarəsinin rəhbəri Ceyhun Bayramov Türkmənistanın Avaza şəhərində keçirilən Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirlərinin iclasında çıxışı zamanı deyib.
"Münasibətlərimizin üçtərəfli formatda inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur və əminik ki, bu xüsusda regionda yaranmış yeni fürsətlərin düzgün istifadəsi nəticəsində ciddi nailiyyətlər əldə olunacaq", - nazir bildirib.
Diplomat qeyd edib ki, Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq ilə regionun nəqliyyat və tranzit potensialının tam həcmdə reallaşdırılması Avrasiya regionunda iqtisadi inkişaf və rifahın təmin edilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Onun sözlərinə görə, cari il ərzində Azərbaycan üzərindən beynəlxalq yükdaşımaların həcmində 70% ətrafında artımın olması bu istiqamətin dövlətlərimiz üçün əlavə iqtisadi fayda gətirmək, habelə beynəlxalq nüfuzunu gücləndirmək baxımından əhəmiyyətini bariz şəkildə nümayiş etdirir:
"Ticarət dövriyyəsinin artırılması və şaxələndirilməsi, nəqliyyat-kommunikasiya dəhlizlərinin keçid prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi, eyni zamanda tarif məsələlərini əlaqələndirməklə nizamlanması istiqamətində təsirli birgə tədbirlərin görülməsi önəm kəsb edir. Müasir İpək Yolunun bir hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yolu Asiya ilə Avropa arasında rəqabətli nəqliyyatın asanlaşdırılmasında əsas rolu oynayır. Nəqliyyatın asanlaşdırılması və tranziti yolu ilə ticarət əlaqələrinin inkişaf etdirilməsini hədəfləyən ölkələrimizin tərəf olduğu Lapis Lazuli layihəsinin də önəmi qeyd olunmalıdır. Bu baxımdan, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Orta dəhliz boyunca yeni nəqliyyat arteriyasının açılması baxımından xüsusi əhəmiyyətə malikdir. Bu, yalnız regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üçün deyil, həm də ümumilikdə ölkələrimizin tranzit potensialının tam şəkildə reallaşdırılmasına xidmət edəcək".