Ermənistan nümayəndə heyəti Türkiyəyə səfər edəcək.
“Report” xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Mərkəzi Afrika Cümhuriyyətindən olan həmkarı Sylvie Baipo-Temonla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Türkiyə-Ermənistan əlaqələrinin normallaşması davam edir. Xüsusi nümayəndələrin Moskvada ilk görüşünün olduğunu xatırladan XİN başçısı vurğulayıb ki, onlar mütəmadi olaraq telefonla əlaqə saxlayırlar:
"Fevral ayından etibarən qarşılıqlı uçuşlar başlayacaq. Antaliya Diplomatiya Forumunda 50 nazir, 30 beynəlxalq təşkilatın nümayəndəsi iştirak edəcək. Hər kəsin səsinin eşidilməsini istəyirik. Biz buraya Ermənistan nümayəndələrini də dəvət etmişik. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və xüsusi nümayəndə Ruben Rubinyan Antalya diplomatiya forumunda iştirak edəcəklər. Baş nazir Nikol Paşinyan da Ermənistan nümayəndələrinin Türkiyəyə səfər edəcəklərini deyib. Gəlsələr, məmnun olarıq”.