Bu gün Tbilisidə ədliyyə nazirinin istefası tələbi ilə aksiya keçiriləcək
- 08 iyun, 2018
- 06:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 8 iyun. REPORT.AZ/ Bu gün Tbilisidə Gürcüstanın ədliyyə naziri Teya Tsulukianinin istefası tələbi ilə etiraz aksiyası keçiriləcək.
“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, piket nazirin yaşadığı evin qarşısında olacaq.
“Teya Tsulukiani məhkəmə hakimiyyətini nə qəbul edir, nə də hörmət”, - aksiya təşkilatçıları bildiriblər.
Aksiya təşkilatçılarının daha bir tələbi yeni baş prokuror və ədliyyə nazirinin kim olmasının ictimaiyyətlə razılaşdırılmasıdır.
Qeyd edək ki, iyunun 1-də Tbilisinin mərkəzindəki davada qətlə yetirilmiş 16 yaşlı yeniyetmənin atası Zaza Saralidze etiraz aksiyası təşkil edib. O bildirib ki, prokurorluq bu işlə bağlı qeyri-obyektiv təhqiqat aparıb və insidentin iştirakçılarından biri olmuş sabiq prokurorun oğlu istintaqdan yayındırılıb.
Etiraz aksiyaları fonunda Gürcüstanın baş prokuroru İrakli Şotadze istefa verib.