Baş nazirin müavini: “Azərbaycanla əməkdaşlığa böyük önəm veririk”
- 28 noyabr, 2017
- 13:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Tbilisi. 28 noyabr. REPORT.AZ/ “Tbilisidə keçirilən “İpək yolu” beynəlxalq konfransında strateji tərəfdaşımız və yaxın dostumuz olan Azərbaycan nümayəndə heyətinin iştirakı bizim üçün çox vacibdir. Biz Azərbaycan ilə əməkdaşlığa böyük önəm veririk”.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri Gürcüstan baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə görüşdə söyləyib.
D.Kumsişvili deyib ki, Azərbaycan ilə Gürcüstan regionda çox mühüm strateji layihələr həyata keçirirlər. Bunlardan biri də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir.
Gürcüstan baş nazirinin birinci müavini iki ölkənin birgə iştirakı ilə daha böyük layihələrin həyata keçirilcəyinə ümidvar olduğunu bildirib.
R.Quluzadə tədbirin yüksək səviyyədə təşkilinə görə Gürcüstan tərəfinə minnətdarlıq edib, Azərbaycanın və Gürcüstanın birgə iştirakı ilə həyata keçirilən layihələrin əhəmiyyətini xüsusi qeyd edib. Bildirib ki, Azərbaycan Gürcüstan ilə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa xüsusi önəm verir.
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin əhəmiyyətindən danışan nazir deyib: “Bu layihə təkcə bizim regionumuzun deyil, Avropa və Asiyanın inkişafında, əməkdaşlıq əlaqələrimizin daha da dərinləşməsində mühüm rol oynayacaq. BTQ regionda sülhə və tərəqqiyə xidmət edən bir layihədir. İnaniram ki, biz gələcəkdə də səmərəli əməkdaşlıq edəcəyik və bu əməkdaşlıq xalqlarımızın rifah halını daha da yaxşılaşdıracaq”.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.