Gürcüstanın Bakıdakı səfirliyində Gürcüstan ərazilərinin işğalının 12-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
“Report” xəbər verir ki, tədbir çərçivəsində 2008-ci ilin avqustunda baş vermiş silahlı qarşıdurmaya həsr olunmuş fotosərgi keçirilib, eləcə də film nümayiş olunub.
Tədbirdə çıxış edən Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze qeyd edib ki, torpaqların işğalı Gürcüstan üçün çox çətin dövr idi: “Gürcüstanın iki regionu - Abxaziya və Tsxinvali işğal edildi, onların ərazisində separatçı rejimlər yaradıldı. Torpaqlarımız ilhaq edildi. Gürcüstanın işğal edilmiş ərazilərində etnik gürcülərin hüquqları kobud şəkildə pozulur, gürcü dilində təhsil qadağan edilir və qeyri-qanuni iqtisadi fəaliyyət aparılır”.
Səfir atəşkəs barədə əldə olunmuş razılığa baxmayaraq, separatçılar və tərəfdarlarının onu pozmağa davam etdiyini vurğulayıb.
“İşğal xəttində qeyri-qanuni sərhədləmə davam edir. İşğal xətti yaxınlığında yaşayan gürcülərin oğurlanması və öldürülməsi hadisələrinin sayı hər gün artır. Bundan əlavə, mədəniyyət və tarixi abidələr məhv edilir”, - diplomat söyləyib.