Bakı. 15 oktyabr. REPORT.AZ/ Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Böyük Palatası Türkiyə Vətən Partiyasının (keçmiş İşçi Partiyası) sədri Doğu Perincekə haqq qazandırıb.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Qərara görə, AİHM-nin 10-cu maddəsinə əsasən, Doğu Perincekin söz və fikir azadlığı var və müddəa üzrə məhkəmə ona haqq qazandırıb.
Qeyd edək ki, Türkiyə İşçi Partiyasının lideri Doğu Perincek 2005-ci ildə İsveçrədə konfranslarda iştirak edərkən öz çıxışlarının birində Osmanlı İmperiyasında baş verən qondarma "erməni soyqırımı"nı "beynəlxalq yalan" adlandırıb. Bundan sonra "İsveçrə-Ermənistan" Assosiasiyası türk siyasətçini məhkəməyə verib. 2007-ci ildə Lozanna məhkəməsi Perinceki irqi ayrı-seçkilikdə təqsirli bilib, lakin o, 2008-ci ildə bu qərardan AİHM-yə şikayət edərək İsveçrəni söz azadlığını pozmaqda günahlandırıb.
2013-cü ildə AİHM Perincekin şikayətini təmin edib. 2014-cü ilin martında İsveçrə qərardan apellyasiya şikayəti verib.