Bakı. 22 iyun. REPORT.AZ/ "ABŞ və NATO-dakı müttəfiqləri Rusiya ilə ciddi fikir ayrılığının uzunmüddətli xarakter daşıyacağı qənaətindədir və bu mərhələdə Moskva ilə sərt və balanslaşdırılmış münasibət qurmaq niyyətindədir".
"Report" TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Eşton Karter Avropaya səfər edərkən, təyyarədə jurnalistlərlə söhbətində deyib.
Məlumata görə, Pentaqonun başçısı bu həftə Almaniya və Estoniyaya səfər edəcək. İyunun 24-25-də isə o, NATO-ya üzv dövlətlərin müdafiə nazirlərinin Brüsseldə keçiriləcək toplantısına qatılacaq.
E.Karter deyib ki, müdafiə nazirləri toplantıda Rusiyanın Ukraynaya qarşı münasibətinin kəskinləşməsi ilə əlaqədar təhlükəsizlik sahəsində yaranan yeni şəraitə uyğunlaşmanın vacibliyini müzakirə edəcəklər: "Şəraitə uyğunlaşma dedikdə Vladimir Putinin dövründə, yaxud bir az sonra Rusiyanın dəyişib-dəyişməyəcəyinin mümkünlüyünü nəzərdə tuturam".
Müdafiə naziri bildirib ki, ona görə də ABŞ bir sıra vacib məsələlərdə, o cümlədən İranın nüvə proqramı üzrə danışıqlarda və terrorçuluğa qarşı mübarizədə Rusiya ilə əməkdaşlıq edir: "ABŞ müttəfiqləri ilə birlikdə Rusiyaya qarşı sərt və balanslaşdırılmış münasibəti saxlamağı planlaşdırır, eləcə də Avropada NATO dövlətlərinin təhlükəsizliyini gücləndirməyi nəzərdə tutur".