​Zakir Həsənov: “Ermənistan hərbi əməliyyatlara Livandan və Suriyadan muzdluları cəlb edir”

​Zakir Həsənov: “Ermənistan hərbi əməliyyatlara Livandan və Suriyadan muzdluları cəlb edir” “Biz işğal olunmuş ərazilərdəki vəziyyətdən tam məlumatlıyıq”
Qarabağ
24 İyun , 2015 11:16
​Zakir Həsənov: “Ermənistan hərbi əməliyyatlara Livandan və Suriyadan muzdluları cəlb edir”

Bakı. 24 iyun. REPORT.AZ/ İyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümü tamam olur. “Report” xəbər verir ki, bu münasibətlə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ötən ildən bu günədək Ordunun vəziyyəti, əsas prioritetləri, aparılan islahatlar, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüb.

O bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu ordu dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Cənubi Qafqazın ən qüdrətli ordusuna çevrilərək döyüş hazırlığına görə Müstəqil Dövlətlər Birliyi məkanında ön sıralarda qərarlaşıb:

“Ordumuzun döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, şəxsi heyətin müasir silah və texnikadan məharətlə istifadə bacarığına yiyələnməsi üçün maddi-texniki bazanın inkişaf etdirilməsi, qabaqcıl üsulların tətbiqi ilə təlim və tədris sisteminin daim təkmilləşdirilməsi, hərbi təhsilin və hərb elminin günün tələbləri səviyyəsinə qaldırılması üzrə bir sıra əhəmiyyətli tədbirlər görülərək bu sahədə işlər davam etdirilir, şəxsi heyətin yeni döyüş şəraitinə uyğun təlimlərinə diqqət artırılır.

İlk növbədə, qeyd etmək istərdim ki, Ali Baş Komandanın tapşırığı ilə 2015-ci il Silahlı Qüvvələrdə döyüş hazırlığı ili elan olunub. Burada planlı şəkildə, mərhələlərlə mühüm məsələlər həyata keçirilir. Həm struktur, həm kadrlar baxımından mühüm işlər görülür. Qarşımıza qoyulan məqsəd isə hər bir hərbi qulluqçunun, tutduğu vəzifədən asılı olmayaraq, öz yerində tapşırıqları yüksək səviyyədə yerinə yetirməsinə qadir olması və vəzifələrini döyüş şəraitinə uyğun bacarmasıdır.

İstənilən səviyyələrdəki qərargahlarda, idarəetmə məntəqələrində şəxsi heyətin biliyi, bacarığı, təcrübəsi və vərdişləri təkmilləşdirilir. Döyüş hazırlığının çöl şəraitində, o cümlədən müəyyən hissəsinin gecə vaxtı, özü də birbaşa döyüş şəraitinə uyğun keçirilməsinə üstünlük verilir. Bununla əlaqədar döyüş hazırlığı planına uyğun olaraq, Silahlı Qüvvələrin bütün birlik və birləşmələrində, Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordusunda, o cümlədən Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrində, tank, artilleriya, kəşfiyyat, mühəndis-istehkam hərbi hissələrində, Xüsusi Təyinatlı Qüvvələrdə gündüz və gecə şəraitində müxtəlif səviyyəli irimiqyaslı təlimlər keçirilir.

Xüsusi qeyd etmək istərdim ki, qısa müddət ərzində tam təmin olunmuş yeni poliqonlar inşa edilib və şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi üçün müvafiq şərait yaradılıb. Burada əsas məqsəd ordunu gələcək döyüşlərə hazırlamaq, zabit və əsgərlərin qarşısında duran vəzifələrin yüksək səviyyədə icrasını təmin etməkdir.

Dövlətimizin başçısının tapşırığına əsasən, Müdafiə Nazirliyinin döyüş hazırlığı planına uyğun olaraq keçirilən təlimlərə ehtiyatdan çağırılan hərbi vəzifəlilər də cəlb edilib. Onlar bu təlimlərdə iştirak etməklə döyüş qabiliyyətlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirmək, müasir silah və hərbi texnikanın nümunələri ilə yaxından tanış olmaq, düzgün istifadə və istismarı qaydalarını bilmək imkanı əldə ediblər. Eyni zamanda, Silahlı Qüvvələrimizin şəxsi heyəti beynəlxalq səviyyədə keçirilən müxtəlif təlimlərdə iştirak edir.

Keçən ilin avqustunda ilk dəfə Naxçıvanda, bu ilin aprelində Tbilisidə, mayında isə Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlığın möhkəmləndirilməsi və regional təhlükəsizlik məsələlərinin müzakirə edilməsi məqsədilə müdafiə nazirlərinin üçtərəfli formatda görüşləri keçirilib. Bu görüşlərin mühüm nəticəsi ondan ibarət olub ki, təhsil və tibb sahələrində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlərin əlaqələndirilməsi məqsədilə Üçtərəfli Koordinasiya Qrupu yaradılıb.

Hərbi sahədə əməkdaşlığa dair imzalanmış sazişə əsasən, ilk dəfə keçən ilin sentyabr-oktyabr aylarında Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin ölkəmizdə “TurAz Qartalı 2014” və cari ilin martında Türkiyədə keçirilən “TurAz Şahini 2015” təlimlərini xatırlatmaq istərdim. İlk dəfə olaraq Azərbaycan şahinləri ikiyerli “F-16” tipli döyüş-təlim qırıcı təyyarələrində uçuşlar yerinə yetiriblər.

İkitərəfli əməkdaşlıq çərçivəsində Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunlarının, Hərbi Hava Qüvvələrinin, Raket və Artilleriya Qoşunlarının bölmələri cəlb olunmaqla əvvəl Qars vilayətində, sonra isə may ayında Bakıda və Naxçıvanda döyüş atışlı birgə taktiki təlimləri, iyunda isə Azərbaycan, Türkiyə və Gürcüstanın Xüsusi Təyinatlı qüvvələrinin “Qafqaz Qartalı” təlimi keçirilib.

Bu əməkdaşlıq çərçivəsində ixrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyi, enerji və nəqliyyat infrastrukturlarının mühafizəsinin təşkili və gücləndirilməsi məqsədilə hər il birgə kompüter dəstəkli komanda-qərargah təlimi (“Eternity”) keçirilir.

Təlimlər, yoxlamalar və digər tədbirlər ordumuzun müasir döyüşün ən mürəkkəb tapşırıqlarını belə müvəffəqiyyətlə yerinə yetirməyə hazır olduğunu, onun döyüş qabiliyyətinin və peşəkarlığının, yeni silah sistemlərindən və döyüş texnikasından ustalıqla istifadə etmək bacarığının əhəmiyyətli dərəcədə artdığını göstərdi.

Ötən ilin yay aylarında cəbhə xəttində hadisələrin gərginləşməsi, noyabr ayında cəbhənin Ağdam rayonu istiqamətində Ermənistanın Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 tipli döyüş helikopterinin məhv edilməsi, döyüşlərdə canlı qüvvə sarıdan xeyli sayda itki verən Ermənistan Silahlı Qüvvələrinin təxribat törətmək planlarının tam alt-üst edilməsi bir daha ordumuzun kifayət qədər gücə malik olduğunu sübuta yetirdi.

Ermənistan tərəfi itkilərini gizlətməyə çalışır. Amma biz işğal olunmuş ərazilərdəki vəziyyətdən tam məlumatlıyıq. Ermənistanda və işğal olunmuş ərazilərdə vəziyyət çox acınacaqlıdır. Bunun günahkarı kriminal Ermənistan rejimidir, onun başçılarıdır, Ermənistanda hökm sürən rejimdir. Düşmən ordusunda əsgər çatışmazlığı elə bir həddə çatıb ki, erməni tərəfi postlarda keşik çəkməyə mülki şəxsləri yerləşdirir. Bundan əlavə, hərbi əməliyyatlara müxtəlif ölkələrdən, o cümlədən Yaxın Şərq regionundan - Livandan və Suriyadan muzdluları cəlb edir”.

Son xəbərlər

Orphus sistemi