Yaralıları döyüş meydanından çıxaranda şəhid oldu

Yaralıları döyüş meydanından çıxaranda şəhid oldu Nəzir Osmanov 1998-ci ildə Qax rayonunun Qıpçaq kəndində doğulub
Qarabağ
262
15 Fevral , 2021 16:52
Yaralıları döyüş meydanından çıxaranda şəhid oldu

Vətən müharibəsində canı və qanı bahasına döyüşərək şəhidlik zirvəsinə ucalan mərd oğullarımızdan biri də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan 23 yaşlı Nəzir Osmanovdur.

"Report"un Şimal-qərb bürosu şəhidin ailə üzvlərini ziyarət edib, onlarla həmsöhbət olub.

Nəzir Osmanov 1998-ci ildə Qax rayonunun Qıpçaq kəndində doğulub. Ailənin sonbeşiyi olan Nəzir orta təhsilini doğulduğu Qıpçaq kənd tam orta məktəbində alıb. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb və Daxili Qoşunların sıralarında xidmət edib.

Hərbi xidmətdən qayıtdıqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər kimi Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən "N" saylı hərbi hissəsində xüsusi təyinatlı dəstənin avtomobil yarımqrupunda sürücü vəzifəsində xidmətə başlayıb. Nəzir Osmanov xidməti dövründə bir neçə dəfə komandirləri tərəfindən təltif olunub. Hər zaman hərbçi yoldaşlarının yanında hörmət qazanan Nəziri indi onunla birlikdə çiyin-çiynə xidmət etmiş silahdaşları hörmətlə anır. Qıpçaq kənd qəbiristanlığında dəfn olunan şəhidi bu gün ziyarətə gələnlər onunla birlikdə xidmət etdiyi hərbçilərdir.

Nəzir Osmanov Daxili Qoşunlarda xidmət etdiyi 3 il ərzində peşəkar sürücü kimi fəaliyyət göstərib. O, bu peşəkarlığını döyüşdə də nümayiş etdirib. Sentyabrın sonlarından qoşulduğu Vətən müharibəsində bir-neçə yaralı hərbçiləri döyüş meydanından çıxarıb. Hadrut, Horadiz və Fizuli şəhərlərinin azad olunmasında qəhrəmanlıq göstərən Nəzirin son döyüşü Şuşa ətrafında olub. Yaxınlığına düşən minaatan mərmisi qəhrəman döyüşçünü ağır yaralayıb. Bir qədər sonra isə o, gözlərini əbədiyyən yumaraq şəhidlik zirvəsinə ucalıb. Övlad acısına dözmək çox çətindir deyən Nəzirin valideynləri bu gün qürurlu olduqlarını, övladları ilə fəxr etdiklərini bildirirlər. Qəhrəman döyüşçü şəhid olmağından bir gün öncə bacısına zəng vuraraq ad gününü təbrik edib. Növbəti gün, yəni noyabrın 1-i isə onun şəhid xəbəri gəlib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli və 29 dekabr 2020-ci il tarixli sərəncamları ilə əsgər Osmanov Nəzir Rahib oğlu (ölümündən sonra) "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Bununla yanaşı, Azərbaycan Respublikası müdafiə nazirinin 28 dekabr 2020-ci il tarixli müvafiq əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi