YAP sədrinin müavini Minsk qrupu həmsədrlərini sərt tənqid etdi

YAP sədrinin müavini Minsk qrupu həmsədrlərini sərt tənqid etdi Erməni quldurlarının törətdikləri Xocalı soyqırımı XX əsrin dəhşətli faciələrindən biridir. Xocalı yarası uzun müddət qəlblərdən silinməyən yaradır. Bizə təklif edirlər ki, iki xalq bir-birinin etimadını qazanmalıdır, ancaq demirlər necə, hansı yolla?
Qarabağ
174
24 Fevral , 2020 12:43
YAP sədrinin müavini Minsk qrupu həmsədrlərini sərt tənqid etdi
Əli Həsənov / Report

"Erməni quldurlarının törətdikləri Xocalı soyqırımı XX əsrin dəhşətli faciələrindən biridir. Xocalı yarası uzun müddət qəlblərdən silinməyən yaradır. Bizə təklif edirlər ki, iki xalq bir-birinin etimadını qazanmalıdır, ancaq demirlər necə, hansı yolla?"

"Report" xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, baş nazirin keçmiş müavini Əli Həsənov bildirib.

"Bizim xalq ermənilərə uzun müddət etimad göstərib ki, onlar bizim içimizdə yaşayıblar. Torpaqlarımızı işğal edən, sağalmayan yaranı vuran onlardır. Ona görə də onlar bizim xalqın etimadını qazanmağa çalışmalıdırlar, biz onların yox! Hətta bu etimadı qazansalar da, Xocalı yarası asanlıqla sağalan deyil. Onun yumşaldılmasının yeganə yolu işğalçılıq siyasətinə son qoymaq, torpaqlarımızı işğaldan azad etmək və məcburi köçkünləri doğma yurdlarına qaytarmaqdır. Bundan sonra ermənilərin vurduğu siyasi, iqtisadi və mənəvi ziyana görə bizim onlardan təzminat tələb etməyimiz və bunun ödənişinə nail olmağımızdır. 

Ona görə də ATƏT-in Minsk qrupu ömürlərini uzatmaq naminə gündə bir təklif verməməli, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına nail olmalıdır. Əslində, bu həqiqətləri azyaşlı uşaqlar da bilir, nəinki Minsk qrupuna daxil olan ölkələr. Bizimlə qonşuluqda yaşamağı və əməkdaşlıq etməyi onlar bizdən istəməlidirlər, çünki onlar bizim torpaqlara gəlmədirlər. Buna görə də bizim etimadımızı onlar qazanmalıdırlar. Ancaq bir həqiqəti yaddan çıxarmaq çətindir. Ən dəhşətli həqiqət Xocalı soyqırımında 25 azyaşlı uşağın hər iki valideynini itirməsi, qohumlarının, başqalarının və ya dövlətin himayəsində böyümələri, onların özlərinin, övladlarının, nəvə-nəticələrinin bu vəhşiliyi necə unutmalarıdır. Yaxud 600-dən çox qoca, qadın və uşağın bir gecədə qətlə yetirilməsi, meyitlərə belə vəhşicəsinə işgəncə verilməsidir.

Minsk qrupu, yaxşı olar ki, belə problemləri, erməni separatçılarına və xalqına qarşı nifrəti zəiflətməyin yollarını bizimlə yox, ermənilərlə müzakirə etsin və dünya ictimaiyyətinə bəyan eləsin. Əksinə, bizdən ermənilərə qarşı etimad istəməsinlər. Mən özüm hər iki valideynini itirmiş uşaqlarla görüşəndə bu hissləri keçirmişəm və bu gün də o dəhşətli faciəni yaddan çıxara bilmirəm. Xocalı şəhidlərinə, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Tam əminəm ki, ölkə Prezidentinin apardığı siyasət nəticəsində haqq-ədalət bərpa olunacaq", - deyə Ə.Həsənov vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi