Vətəndaşlar mətbuatın Vətən müharibəsi dövründəki fəaliyyətini qiymətləndirib

Vətəndaşlar mətbuatın Vətən müharibəsi dövründəki fəaliyyətini qiymətləndirib İnformasiya mənbələri kimi Prezidentin sosial şəbəkə hesabı (21.0%), ətrafdakı insanlar (12.3%) və sosial şəbəkələr (12.0%) növbəti pillələrdə qərarlaşıb.
Qarabağ
22 Dekabr , 2020 10:54
Vətəndaşlar mətbuatın Vətən müharibəsi dövründəki fəaliyyətini qiymətləndirib

"Əhalinin əsaslı hissəsi hesab edir ki, Vətən müharibəsi dövründə ölkə Prezidentinin xarici KİV-ə müsahib­ələri informasiya müharibəsində qələbə qazanmağımızda həlledici rol oynadı (80.0%). Xarici auditoriya ilə yanaşı ölkə Prezidentinin xalqı mütəmadi məlumatlandırması informasiya siyasətinin ikinci ən çox müsbət xarakterizə edilən cəhəti olub (67.3%)".

"Report" xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc deyib.

O qeyd edib ki, dünya azərbaycanlılarının erməni təxribatları haqqında dünya ictimaiyyətinə çatdırmaq məqsədilə apardıqları informasiya fəaliyyəti əhalinin müəyyən hissəsi tərəfindən (23.1%) müsbət qiymətləndirilib: "Cəmi 7.2% respondent informasiya müharibəsində uğurlu ola bilmədiyimizi düşünür.

Müharibədən öncə olduğu kimi, 44 günlük müharibə dövründə də televiziyalar əhalinin əsas informasiya mənbəyi kimi qarşıya çıxır (90.4%). Ən çox baxılan televiziya kanalı kimi 62.6% ilə AZTV ilk mövqedə dayanır. ATV (60.2%) və Xəzər TV (59.8) isə az bir fərqlə ikinci və üçüncü pillədədir. 42.2% respondent isə məlumatları Real TV-dən alıb.

İnformasiya mənbələri kimi Prezidentin sosial şəbəkə hesabı (21.0%), ətrafdakı insanlar (12.3%) və sosial şəbəkələr (12.0%) növbəti pillələrdə qərarlaşıb.

Ölkə Prezidentini sosial şəbəkədən izləyənlərin əksəriyyəti (79.0%) Twitter platforması üzərindən izləyir. 13.9% respondent isə Prezidentin Instagram, 11.1% isə facebook hesablarından izləyib.

Sosial şəbəkələr arasında Instagram (52.4%) və Facebook (42.9%) istifadəçilərin məlumat üçün ən çox müraciət etdiyi platformalardır.

Narahatedici məqam bundan ibarətdir ki, olduqca az sayda insan müvafiq qurumların saytları (1.5%) və sosial şəbəkə səhifələrinə (1.2%) informasiya almaq üçün müraciət edib.

Əhalinin cəmi 4.2%-i 44 günlük müharibə dövründə internet TV-dən əsas informasiya mənbəyi kimi istifadə edib ki, onların da arasında Kanal 13 (44.0%), Meydan TV (28.0%) və Baku TV (20.0%) diqqət çəkir.

Sorğuya cəlb olunan hər beş respondentdən birinin (20.7%) birbaşa ailə üzvü (qohumlar aid olmamaqla) Vətən müharibəsində ön və ya arxa cəbhədə iştirak edib".

Son xəbərlər

Orphus sistemi