Vətən Müharibəsi Qəhrəmanı ermənilərin qurduğu pusqudan necə sağ çıxıb? - MÜSAHİBƏ

Vətən Müharibəsi Qəhrəmanı ermənilərin qurduğu pusqudan necə sağ çıxıb? - MÜSAHİBƏ Dövlət Sərhəd Xidmətinin (DSX) zabiti, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Babək Ələkbərov "Report"un Cəbrayıla ezam olunan əməkdaşının suallarını cavablandırıb:
Qarabağ
20 Oktyabr , 2021 14:54
Vətən Müharibəsi Qəhrəmanı ermənilərin qurduğu pusqudan necə sağ çıxıb? - MÜSAHİBƏ
Babək Ələkbərov

Dövlət Sərhəd Xidmətinin (DSX) zabiti, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Babək Ələkbərov "Report"un Cəbrayıla ezam olunan əməkdaşının suallarını cavablandırıb.

Babək Mürsəl oğlu Ələkbərov 1987-ci il dekabrın 24-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində anadan olub. Həmin qəsəbədə orta məktəbi bitirib. 2003-2006-cı illərdə Cəmşid Naxçıvanski adına Liseydə təhsil alıb. 2006-2010-cu illərdə isə ləğv edilmiş MTN-nin Heydər Əliyev adına Akademiyasının Sərhəd qoşunları fakültəsində ali hərbi təhsil alaraq oradan "leytenant" rütbəsində məzun olub və Sərhəd Qoşunlarının Çevik Hərəkat Qüvvələrində xidmətə başlayıb.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən bir çox orden və medallarla təltif edilib.

- Vətən müharibəsində DSX-nin qarşısına hansı döyüş tapşırıqları qoyulmuşdu?

- 2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı başladığı genişmiqyaslı təxribat­ları­n qarşısının alınması məqsədilə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında “Dəmir yumruq” əməliyyatına başlanıldı. Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin qarşısına qoyulmuş tapşırıqların icrası üzrə bütün qüvvə və vasitələrimiz tam səfərbər edildi, döyüş əməliyyatlarının ilk günündən başlayaraq Azərbaycan sər­­hədçiləri Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermə­nis­tanla dövlət sərhədinədək böyük bir ərazini azad etdi, ildırımsürətli hücumla düşmənə sar­sıdıcı zərbələr endirərək yüzlərlə canlı qüvvəsini məhv etdi.

Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında qəhrəmanlıq göstərən sərhədçilər Qə­dim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsə­bəsin­də və Zəngilan şəhərində Dövlət bayrağımızı sancdılar, qızğın dö­yüş­lər nəticəsində Vətən müharibəsinin ən hündür ərazisi - Ermənistanla dövlət sərhədində yerləşən “Bartaz” və “Şükürataz” strateji yüksəkliklərini düşmən tapda­ğından azad etdilər.

- Xudafərin körpüsünün və ətraf ərazilərin azad olunması uğrunda gedən döyüşləri necə xatırlayırsınız?

- Xudafərin körpüsü böyük strateji əhəmiyyətə malik olmaqla yanaşı, Qarabağın azad olunması uğrunda gedən döyüşlərdə olduqca vacib məntəqələrdən biri idi. Belə ki, körpü yaxınlığında yerləşən Xudafərin kəndi Cəbrayılın son kəndlərindəndir. Sonra Zəngilan rayonu, ardınca da Qubadlı rayonu gəlir. Bu baxımdan, Xudafərin körpüsünün azad olunması tapşırığının uğurlu icrası xüsusi əhəmiyyət kəsb edirdi. Əməliyyat planına uyğun olaraq, Arazboyu istiqamətdə düşmənin mövqelərinə sızma həyata keçirildi, pusqu quruldu, düşmən qüvvələri heyətimizin döyüş əzmi, peşəkar hazırlığı qarşısında tab gətirməyərək ciddi canlı qüvvə tələfatı verdi və geri çəkildi. Biz həmin ərazidə yerləşən strateji yüksəkliyin ələ keçirilməsinə nail olduq. Bununla da Xudafərin körpüsü azad olundu, Dövlət Bayrağımız sancıldı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə məruzə edildi.

- Dediyiniz kimi, Xudafərin körpüsü və ətraf əraziləri strateji əhəmiyyətə malik idi. Düşmənə pusqu qurduğunuz vaxt itkiniz oldumu və düşmən nə qədər itki verdi?

- Xudafərinin azad olunmasından sonra qüvvələrimiz bir-birinin ardınca İranla dövlət sərhədi boyunca ərazilərimizin, sərhəd zastavalarımızın düşmən tapdağından azad edilməsini təmin edərək, Zəngilan istiqamətində irəlilədilər. 24 saat ərzində 105 km məsafə qət edilərək Zəngilan şəhərinə daxil olduq, şəhərdə tarama-təmizləmə əməliyyatı həyata keçirildi, ətrafdakı yüksəkliklərdə qruplarımız yerləşdirildi. Şəhərin azad olunmasının növbəti günü düşmənin əks-həmlə cəhdinin qarşısının alınması zamanı ağır döyüşlər baş verdi. Şəxsi heyət arasında şəhid və yaralananların olmasına baxmayaraq, düşmənin bir addım belə irəliləməsinə imkan verilmədi, düşmən ağır tələfat verərək geri çəkildi, sağ qalanları isə Oxçuçay çayından keçərək canlarını qurtarmağa çalışırdılar.

- Ən çətin döyüşləriniz harada oldu?

- Demək olar ki, işğaldan azad edilən bütün ərazilərin, yüksəkliklərin və yaşayış məntəqələrinin geri alınması üçün düşmən dəfələrlə əks-həmlə cəhdləri göstərdi, lakin məqsədinə nail ola bilmədilər. Hadrut qəsəbəsinin azad edilməsindən sonra düşmənin bu yaşayış məntəqəsini geri alma cəhdlərinin dəf edilməsi zaman ağır döyüşlərimiz oldu. Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlıları Silahlı Qüvvə­lərimizin digər birləşmələrinin heyəti ilə birlikdə döyüşlərdə qəhrəmanlıq və şücaət göstərərək düşməni ağır məğlubiyyətə, şəxsi heyəti arasında çoxsaylı tələfata məruz qoydular. Zəngilan şəhərinin işğaldan azad olunmasından sonra növbəti gün düşmənin əks-həmlə cəhdinin qarşısının alınması zamanı ağır döyüşlər baş verdi. Ağbənd qəsəbəsində yerləşən “3 nöqtə” yüksəkliyinin azad edilməsi də ən ağır döyüşlərdən sayıla bilər. Yüksəklik həm Azərbaycan ərazisində əlaqə yollarına, həm də Ermənistan ərazisində Meğri yoluna nəzarət etmək üçün çox strateji bir ərazi sayılır. Düşmənin bu ərazidə ciddi mövqelənməsi, müdafiə mövqeyinin iriçaplı silahlarla, minamyot bölmələri ilə dəstəklənməsi irəliləyən bölmələrimizin, texnikanın hərəkətinə çətinlik yaratmasına baxmayaraq, zərbəendirici pilotsuz uçuş aparatlarının havadan dəstəyi altında çevikçilərimiz tərəfindən həyata keçirilmiş uğurlu əməliyyat nəticəsində strateji yüksəkliyin azad olunmasına nail olundu. Düşmənin yüksəkliyi ələ keçirmək üçün dəfələrlə əks hücumuna, səngiməyən artilleriya atəşinə baxmayaraq, qəhrəman sərhəd­çi­­lərimiz düşmənin təxribatının qarşısını alaraq mövqenin əldə saxlanılması tapşırığını uğurla yerinə yetirdilər. Bu döyüşlərdə sərhədçilərimizdən qəhrəman­casına şəhid olanlar və yarala­nanlar oldu.

- Belə bir deyim var ki, torpaq su ilə yoğrulanda palçıq, qanla yoğrulanda Vətən olur. Təbii ki, müharibədə itkilərimiz də oldu, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hansı döyüş yoldaşınızı itirəndə sanki ürəyinizin bir parçası qopdu?

- Şəhidlik zirvəsi ən uca və müqəddəs zirvədir. Şəhidlik Vətənə olan sonsuz sevginin təcəssümü, Vətənə can fəda etməkdir. Şəhidlik şərəf, qeyrət, ucalıq zirvəsidir. Bu zirvəyə çatmaq, bu məqama yüksəlmək hər insana nəsib olmur. Bütün şəhidlərimiz bizim canlarımızdır. Bir məqamı demək istəyirəm ki, Zəngilanda inzibati binanın üzərindən Yusifli Azər Azərbaycan bayrağını erməni bayrağı ilə əvəz etməsini tapşırdıq. Azərlər, Maliklər, Elçinlər, Məhəmmədəlilər, Mirağalar, Aşurlar, Tofiqlər, Xudayarlar, bunların hamısı bizim şəhidlərdir. Allah hər birinə rəhmət etsin!

- Erməni mətbuatı və döyüşçüləri də etiraf edirlər ki, Azərbaycan əsgəri qolunu və ayağını itirsə də, əlindən silahı yerə qoymayaraq döyüşü davam etdirirdi. Siz özünüz də ağır yaralanmağınıza baxmayaraq, döyüşü davam etdirmisiniz. Sizə güc verən əsas amil nə idi?

- Bu güc Xocalının gücü idi, bu güc 30 ildir həsrətini çəkdiyimiz torpaqların gücü idi, dəyərlərimizin, xalqımız və müzəffər ordumuzun gücü idi. Biz Ali Baş Komandanın bu əmrini çoxdan gözləyirdik. Döyüşlər zamanı, bəli, mən də yaralandım. Yaralanmağım isə geri çəkilən erməni döyüşçülərinin arxasınca qaçarkən oldu. Belə ki, düşmən geri çəkiləndə xaraba evlərinin birində mənə qarşı pusqu qurdu, lakin pusqu onların istədiyi kimi yox, mənim istədiyim kimi alındı. Avtomatı mənə tuşlayaraq atəş açanda yaralanmağıma baxmayaraq, onu məhv etdim. İlkin tibbi müayinədən sonra döyüşü davam etdirdim. Nəinki mən, mənim qəhrəman döyüş yoldaşlarım da ağır yaralansalar da, döyüşləri davam etdirərək, düşməni iti qovan kimi qovurdular. Hətta təxliyə qrupları onları meydandan təxliyə etmək üçün gözləsələr də, igid qardaşlarım buna razı olmayaraq döyüş meydanını tərk etmirdilər.

- Zəngilan şəhəri və Xudafərinin düşməndən azad edilməsini Ali Baş Komandan İlham Əliyevə siz məruzə etmisiniz. Həmin an hansı hisslər keçirirdiniz?

- Otuz ilə yaxın müddətdə düşmən tapdağı altında qalmış torpaqlarmızın azad olunmasını Müzəffər Ali Baş Komandana məruzə etmək böyük məsuliyyət olmaqla yanaşı, həm də çox qürurverici idi. Xalqımızın milli, tarixi, mədəni sərvəti olan, birlik və həmrəylik rəmzi hesab edilən Xudafərin körpüsü üzərində Azərbaycan bayrağının qaldırılması həm də tarixi ədalətin bərpası idi. Mən tapşırıq əsasında bayrağımızı ora sancan zaman bilməzdim ki, mənim o məruzəm bütün dövlət televiziyalarında yayımlanacaq. Həmin an ağlımda bir fikir var idi ki, şanlı üç rəngli bayrağımızı bütün işğaldan azad olunmuş torpaqlarımızda dalğalandıraq. Çox şükürlər olsun ki, Müzəffər Ali Baş Komandanımız və ordumuzun sayəsində bu istəyimizə nail olduq.

- Minimal itkilərlə xeyli ərazini düşməndən azad etmisiniz. Buna nəyin sayəsində nail olmusunuz?

- Otuz ilə yaxın vaxtda güclü müdafiə-istehkam sistemi yaradılmış ərazilərin mühüm hissəsinin qısa müddətdə azad olunması Azərbaycan ordusunun qüdrətinin göstəricisidir. Bu gün ölkə başçısı İlham Əliyev tərəfindən ordumuza göstərilən diqqət və qayğı öz uğurlu nəticələrini verir. Aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Silahlı Qüvvələrimizin hərbi-texniki təchizat səviyyəsi, nizam-intizamı və döyüş ruhu kifayət qədər yüksəkdir. Biz Dövlət Sərhəd Xidməti olaraq çox güclü təlimlər keçirirdik. Təlimlərimiz daha çox Qarabağın iqlim şəriaitinə uyğun olaraq təşkil edilirdi ki, bunun da 44 günlük Vətən müharibəsində müsbət təsiri oldu.

Bir epizodu deyim ki, təlimlərimizin əksəriyyətində xidmət rəisimiz general polkovnik Elçin Quliyev iştirak edirdi, hətta tam təchizatlı formada yanımızda gördük. Bu, bizi daha da ruhlandırırdı. Bax, bütün bu amillər 44 günlük Vətən müharibəsində minimal itkilərlə daha geniş əraziləri düşməndən azad etməyimizə səbəb oldu. Mən çox qürurlanıram ki, qalib Prezidentin, qalib Silahlı Qüvvələrin və qalib xalqın zabitiyəm.

Son xəbərlər

Orphus sistemi