Ukraynada Qarabağın minalardan təmizlənməsi və bərpasının gedişi ilə bağlı məqalə dərc edilib

Ukraynada Qarabağın minalardan təmizlənməsi və bərpasının gedişi ilə bağlı məqalə dərc edilib “Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasına doğru kiçik, lakin inamlı addımlarla irəliləyir”.
Qarabağ
6 Fevral , 2023 14:46
Ukraynada Qarabağın minalardan təmizlənməsi və bərpasının gedişi ilə bağlı məqalə dərc edilib

“Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasına doğru kiçik, lakin inamlı addımlarla irəliləyir”.

"Report" xəbər verir ki, bu barədə Ukraynada fəaliyyət göstərən “Rusiya Təbliğatına qarşı Mübarizə üzrə Beynəlxalq Mərkəz” adlı qeyri-hökumət təşkilatının saytında dərc edilmiş məqalədə deyilir.

"İşğaldan azad edilmiş ərazilərin bərpası Azərbaycanın üzləşdiyi çətin yoldur və ilk baxışdan belə görünür ki, ölkə bu yolda kiçik, lakin inamlı addımlarla irəliləyir. Ukrayna Azərbaycanın gördüyü işləri diqqətlə izləməlidir, çünki gələcəkdə biz də bu yoldan keçməli olacağıq”, - məqalə müəllifi yazır.

Məqalədə minatəmizləmə prosesinin ləng getdiyi qeyd olunur. Buna səbəb işğaldan azad edilmiş ərazilərə mina qırıntılarının səpələnməsidir ki, bu da istehkamçıların diqqətini bu ərazilərdəki həqiqətən təhlükəli partlamamış hərbi sursatlardan yayındırır.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndəsi Xaliq Zülfüqarov mərkəzə bildirib ki, hazırda əsas vəzifə yolların, magistral yolların və infrastruktur obyektlərin təmizlənməsidir: “Ermənilər bizə minalanmış ərazilərin xəritələrini veriblər, lakin yoxlanarkən məlum oldu ki, xəritələrdəki məlumatlarının dəqiqlik səviyyəsi cəmi 20 faizdir, buna görə də biz onlardan demək olar ki, istifadə etmirik. Bu ərazidə torpaq minalardan başqa həm də partlamamış hərbi sursatlarla çirklənib ki, bu da işimizi çətinləşdirir”.

"Hazırda Ağdam-Füzuli avtomobil yolunun və Azadqaraqoyunlu-Ağdam qaz kəmərinin çəkiləcəyi ərazinin minalardan təmizlənməsi işləri davam etdirilir. Xorvatiyadan gətirilmiş xüsusi texnikanın köməyi ilə torpaq uzaqdan yoxlanılır. Bu isə prosesi xeyli sürətləndirir", - mərkəz qeyd edir.

Məqalədə həmçinin Qarabağda aparılan yenidənqurma işlərinin gedişi ilə bağlı ətraflı məlumat verilib, Füzuli hava limanı, Ağdamda 500 nəfərin rahatlıqla yerləşə biləcəyi konfrans mərkəzi kimi uğurlu layihələr qeyd olunub. "Azərbaycan üçün vacib vəzifələrdən biri də məscidlərin yenidən qurulmasıdır. Bu, Ağdam şəhərində bərpa olunmuş məsciddir. Azərbaycanlılar iki il əvvəl şəhərə daxil olduqda oradan donuz və inək saxlamaq üçün istifadə edildiyinin şahidi olublar.

Cəmi bir neçə il əvvəl Qarabağda dinc həyat əlçatmaz bir arzu idi, lakin Azərbaycan bütün çətinliklərə baxmayaraq, öz torpaqlarını bərpa etmək üçün səylərini əsirgəmir”, - mərkəzin məqaləsində bildirilir.

Daha sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələrinin icrası ətraflı təsvir olunub.

“Yaxınlarını itirməyin ağrı-acısına baxmayaraq, azərbaycanlılar mərmilərin yandırdığı torpaqda tədricən dinc həyat qururlar, lakin bu ölkədə heç kim Azərbaycan xalqına qarşı törədilmiş vəhşilikləri unutmayacaq... Bütün dünya Azərbaycanın müharibədən aldığı yaraları necə fəal şəkildə sağaltdığını və öz ərazilərini necə bərpa etdiyini izləyir”, - məqalə müəllifi yazır.

Son xəbərlər

Orphus sistemi