Bakı. 26 yanvar. REPORT.AZ/ "Cənubi Qafqazda yeni münaqişə minlərlə insanın ölümünə və iqtisadi fəlakətə gətirib çıxaracaq, problemin özü isə həll olunmayacaq."
"Report" xəbər verir ki, bu barədə böyük britaniyalı analitik Tomas de Vaal Beynəlxalq Sülh Naminə Karneqi Fondunun rəsmi saytında dərc olunan məqaləsində yazıb.
O, son illərdə Azərbaycan və Ermənistanın fəal şəkildə silah alaraq regionu ən hərbiləşmiş bölgəyə çevirdiklərini qeyd edib.
Ekspert münaqişənin yenidən bərpa olunmasına daha bir risk kimi Donald Trampın ABŞ prezidenti seçilməsi və Avropa İttifaqındakı cari böhran nəticəsində beynəlxalq arenada yaranmış qeyri-müəyyənliyi göstərib.
Hərbi əməliyyatların başlayacağı təqdirdə onların qarşısını almağın çox çətin olacağını vurğulayan analitik 2016-cı ilin aprel ayında Moskvanın vasitəçiliyi ilə tərəflərin hərbi əməliyyatların dayandırılması barədə şifahi razılıq əldə etdiyini xatırladıb.
T.De Vaal həmçinin münaqişənin həlli açarının Moskvanın əlində olması fikrinin yanlış olduğunu bildirib.
"Rusiya əslində heç vaxt vəziyyətə nəzarət etməyib. Moskva gah bu, gah da digər tərəfi dəstəkləməklə Dağlıq Qarabağ münaqişəsinə, əlbəttə, təsir etməyə çalışıb. İndi həm ermənilərin, həm də azərbaycanlıların Moskvaya münasibətdə dərin inamsızlığı mövcuddur. Bu səbəbdən nə Yerevan, nə də Bakı onlar üçün bir nömrəli milli məsələ olan problemlə bağlı Rusiyanın öz maraqlarını təmin etməsinə imkan verməyəcək".
Espert qeyd edib ki, Dağlıq Qarabağda yeni müharibənin qarşısı fəal diplomatik addımlarla alınmalıdır: "Cənubi Qafqazda yeni münaqişə hamı, xüsusilə sıravi ermənilər və azərbaycanlılar üçün ən arzuolunmaz perspektivdir. Çünki əks təqdirdə müharibənin episentrində məhz onlar qalacaqlar."