“ATƏT-in Minsk qrupunun iflasa uğramasından sonra Avropa İttifaqı (Aİ) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün yeni platforma olmaq potensialına malikdir”.
Bunu “Report”a amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys bildirib.
“ATƏT-in Minsk qrupu buraxılmalıdır. Ermənistan və Azərbaycan arasında münasibətlərin dinc yolla tənzimlənməsi üçün Türkiyə və Avropa Şurasının inteqrasiya olunmuş struktur yaratmasının vaxtı çatıb”, - o bildirib.
Onun sözlərinə görə, bir institut kimi Avropa Şurası Cənubi Qafqazda regional sabitliyə və iqtisadi inteqrasiyaya təsir etmək üçün alətlərə malikdir.
P.Teys əlavə edib ki, Azərbaycanın malik olduğu iqtisadi potensial və insan kapitalı, yürütdüyü ekoloji siyasət onu Aİ-yə son dərəcə yaxınlaşdırır: “Avropada vəziyyətin sabit olmaması Aİ üçün rəsmi Bakı ilə strateji əlaqələrin möhkəmləndirilməsini son dərəcə vacib edir”.
“Brüsseldə baş tutmuş üçtərəfli görüş vacib hadisədir. Bu görüş Azərbaycanın üzdə olan problemlərini ön plana çıxardı, Ermənistan tərəfindən beynəlxalq hüququn pozulmasını və günahsız dinc sakinlərə, Azərbaycanın ətraf mühitinə qarşı törədilmiş soyqırımını nümayiş etdirdi”, -o deyib.
Xatırladaq ki, aprelin 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü baş tutub.