"Mən 28 ildən sonra Qarabağa gəlmişəm. Duyğularımı dilə gətirə bilmirəm, qəhər məni boğur".
Bunu "Report"un Qarabağ bürosuna İsveçrədə fəal diaspor üzvü olan Ülviyyə Nəcəfova bir qrup diaspor nümayəndəsinin Şuşaya səfəri zamanı deyib.
Azərbaycana qarşı ermənilərin ərazi iddiası və dinc əhalinin kütləvi qırğınları ilə başlayan I Qarabağ müharibəsi zamanı Ülviyyə Nəcəfova 8 yaşında olub və valideynləri ilə birgə yaşadığı Xocavəndin Axullu kəndindən zorla qovulub.
Öz ata-baba yurdundan zorla qovularaq çıxarılan Ülviyyə Nəcəfova deyir ki, erməni terrorçuları təkcə onların yaşadığı rayonu, kəndi və ya evini yox, onun uşaqlığının ən gözəl çağlarını da əlindən alıb: "Yaşadığım dəhşəti gözümün önünə gətirə bilmirəm. Mən o zaman 8 yaşında idim. Həmin gün elə bilirdim ki, bir də evimiz olmayacaq, valideynlərimlə birlikdə yaşamayacağıq. Hazırda İsveçrədə yaşayıram. Uşaqlıq illərində yaşadığım o dəhşətli günləri İsveçrədəki dostlarımla bölüşürəm. Sədri olduğum İsveçrə Qarabağ Azadlıq Mərkəzində Qarabağ həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün əlimizdən gələni edirik".
Şuşaya səfər etdiyi üçün çox xoşbəxt olduğunu bildirən diaspor nümayəndəsi bu xoşbəxtliyini Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə və qazilərimizə borclu olduğunu qeyd edib: "Şuşada olmaq mənim üçün ayrı bir xoşbəxtlikdir. Qarabağdan çıxanda 8 yaşım vardı. Mən 28 il öncə yaşadığım Axullu kəndindəki evimizi zorla tərk eləmişdim. Gələndə dostlarıma da dedim. Mən 28 ildən sonra ilk dəfə, ayaqyalın çıxdığım yolu geri qayıdıram. Buna görə də duyğularımı dilə gətirə bilmirəm. Qəhər məni boğub, boğazım quruyub. Çox qururverici andır. Buradakı abadlıq işlərini görəndə çox duyğulandım. Sevincimdəm ağlayıram, bu, sevinc göz yaşlarıdır".