Şuşa fatehi Səid Bayramovun xatirəsinə ehsan bulağı istifadəyə verilib

Şuşa fatehi Səid Bayramovun xatirəsinə ehsan bulağı istifadəyə verilib Kürdəmirdə Vətən müharibəsi şəhidi Səid Bayramovun xatirəsinə həsr olunan ehsan bulağının açılış mərasimi olub.
Qarabağ
15 İyul , 2021 03:20
Şuşa fatehi Səid Bayramovun xatirəsinə ehsan bulağı istifadəyə verilib

Kürdəmirdə Vətən müharibəsi şəhidi Səid Bayramovun xatirəsinə həsr olunan ehsan bulağının açılış mərasimi olub.

”Report”un Yuxarı Şirvan bürosu məlumat verir ki, bulaq Çöl-Ərəb kəndində inşa olunub.

Mərasimdə əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçən vətən oğullarının ruhu bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra şəhid Səid Bayramovun döyüş meydanında göstərdiyi şücaətdən və 44 günlük Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətindən danışılıb. Vurğulanıb ki, 30 ildir davam edən amansız erməni işğalına qarşı xalqımız yumruq kimi birləşərək Vətən naminə ölüm-dirim mübarizəsinə qalxıb.

Şəhidin atası Eldəniz Bayramov bildirib ki, Azərbaycanın tarixi qələbəsinin mənbəyi xalqımızın həmrəyliyi, Ali Baş Komandanın ətrafında sıx birləşən xalqın inamı, Azərbaycan Ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti idi.

Qeyd olunub ki, ehsan bulağının açılışı ilə yanaşı, həmçinin bu gün Səidin doğum günüdür. Ailə üzvləri ilk dəfədir ki, Səidin 22 yaşını onsuz qeyd edirlər.

Qeyd edək ki, şəhid Bayramov Səid Eldəniz oğlu Kürdəmirin Çöl-Ərəb kəndində doğulub. O, 9-cu sinfi bitirərək, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsilini davam etdirmək istəsə də, tale elə gətirib ki, arzusuna çata bilməyib. O, 2018-ci ildə müddətli həqiqi hərbi xidmətə yollanıb. Düşmənlə üzbəüz təmas xəttində xidmət edən Səid bir neçə dəfə fərqlənməyə görə təltiflərə layiq görülüb.

Sentyabrın 21-i səfərbərlik elan olunanda Səidin və qardaşının, hər ikisinin adına çağırış gəldiyindən onlar da ön cəbhəyə yollanıb. Hər iki qardaş ayrı-ayrı bölgələrdə döyüşə qatılaraq böyük şücaətlər göstəriblər.

Səid Murovdağ istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. Daha sonra Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan istiqamətlərində, son olaraq isə Şuşanın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə də qəhrəmanlıq göstərib. Noyabrın 5-i Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə Səid də ağır yaralanıb və şəhid olub.

Şəhidimizin nəşi doğulduğu Kürdəmir rayonunun Çöl-Ərəb kəndində torpağa tapşırılıb.

S.Bayramov Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamı ilə "Vətən uğrunda”, ”Cəsur döyüşçü”, “Xocavəndin azad edilməsinə görə”, ”Füzulinin azad edilməsinə görə”, ”Şuşanın azad edilməsinə görə” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi