Munira Subaşıç 1948-ci ildə Yuqoslaviyanın Roqatitsa bölgəsində anadan olub. O, ticarət məktəbini bitirdikdən sonra 1967-ci ildə ailə həyatı qurub. M.Subaşıç ixtisasca iqtisadçı olan əri Hilmo Subaşıç ilə birgə Srebrenitsada işləyib. Onların iki oğul övladları olub. Srebrenitsa soyqırımı zamanı H.Subaşıç və kiçik oğlu itkin düşüb. Onların nəşi kütləvi məzarlıqda tapılıb və Potoçari qəbiristanlığında dəfn ediliblər.
Hazırda Munira Subaşıç “Srebrenitsa anaları və Jepa Anklavı” İctimai birliyinin sədridir. Xocalı soyqırımının 30-cu ildönümü ərəfəsində M.Subaşıç “Report”un suallarını cavablandırıb.
- Özünüzü dünyaya necə təqdim edirsiniz?
- Mən Srebrenitsada olan hadisələrin qurbanıyam. 1995-ci ildə Srebrenitsada 22 yaxın qohumumu, o cümlədən həyat yoldaşımı və oğlumu itirmişəm. O vaxt özümə söz vermişdim ki, hadisə barədə hər yerdə danışacağam, səsim hər yerdə eşidiləcək. Həm Haaqa Tribunalında, həm məhkəmələrdə, həm də beynəlxalq təşkilatlarda öz səsimizi ucaltdıq. Həm bosniya xalqı, həm də Azərbaycan xalqı eyni faciəni yaşayıblar. Həqiqət, ədalət üçün və cinayətlərin cəzasız qalmaması uğrunda mübarizə aparırıq.
- Sizin xalqınız və azərbaycanlılar dəhşətli qırğınla, soyqırımı ilə üzləşiblər. Siz Srebrenitsada bu dəhşətləri yaşamısınız. Bəs Xocalı qırğını haqqında da məlumatlısınızmı? Srebrenitsa və Xocalı qırğınları arasında oxşar cəhətlər varmı?
- Təbii ki, oxşar cəhətlər var. Dünyada müsəlmanları məhv etmək üçün eyni plan və proqram, eyni məqsəd nəzərdə tutulub. Təəssüflər olsun ki, iyirminci əsrdə bütün dünyanın gözü qarşısında həm Srebrenitsada, həm də Xocalıda soyqırımı törədilib. Biz, Srebrenitsa Anaları, Serb Respublikasının siyasi və hərbi rəhbərliyinin Srebrenitsa soyqırımına görə cəzalandırılması üçün mübarizə aparırdıq. Bosniya xalqına qarşı soyqırımı törədildiyi Beynəlxalq Ədalət Məhkəməsində və Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalında təsdiqlənib. Eyni zamanda, Bosniya və Herseqovina Məhkəməsində Srebrenitsada soyqırımının törədildiyinə dair qərar qəbul olunub. Yalnız 1995-ci ilin iyulunda Srebrenitsada törədilən soyqırımı və insanlığa qarşı digər cinayətlərə görə Haaqa Tribunalında 16 hökm çıxarılıb, beş nəfər ömürlük azadlıqdan məhrum edilib. Bu bizim haqq və ədalət uğrunda hələ də davam edən uzun və çətin mübarizəmizin nəticəsində mümkün olub. Biz analar heç vaxt bu mübarizədən imtina etməmişik və həyatımızın sonunadək də mübarizə aparacağıq. Öldürülən oğullarımız, qızlarımız, həyat yoldaşlarımız, qardaşlarımız, atalarımız üçün döyüşmüşük və döyüşürük. Biz bütün dünyada ədalət üçün mübarizə aparırıq.
Cinayətin bütün kriteriyalarına görə Xocalı şəhərində də törədilən qırğın soyqırımı aktıdır. Bunu məhkəmə hökmləri ilə təsdiqləmək, beynəlxalq məhkəmədə sübut etmək üçün mübarizə aparmaq Azərbaycan hökumətinin və azərbaycan xalqının üzərinə düşür. Biz Xocalı soyqırımında sağ qalanlar və onların ailə üzvləri ilə məhkəmələrdə ədalət uğrunda mübarizə aparmaları üçün təcrübəmizi bölüşməyə hazırıq.
- Dünya ictimaiyyəti hələ də bu qanlı hadisələrə lazımi diqqət yetirmir. Srebrenitsa soyqırımı günahkarlarının heç də hamısı cəzalandırılmayıb, Xocalıda qırğın törədənlər hələ də ədalət mühakiməsinə cəlb olunmayıblar. Niyə dünya bu hallara göz yumur və onların diqqətini bu məsələyə necə cəlb etmək olar?
- Yuxarıda qeyd etdiyim kimi, Srebrenitsa soyqırımına görə xeyli sayda cinayətkar məsuliyyətə cəlb edilib və layiq olduqları cəzalarını alıblar. Biz analar Haaqa Tribunalında, Bosniya və Herseqovina Məhkəməsində və Serbiya Məhkəməsində ifadə vermişdik. Cinayətkarların rahat yatmasına imkan vermədik, həqiqəti, ədaləti axtardıq və şahidliyimiz sayəsində çoxları layiqli cəzalarını aldılar.
Xocalıda soyqırımı törədənlərin cəzalandırılması prosesi qarşıdadır, bu, uzun prosesdir. Ona görə də bütün gücünüzü sərf etməlisiniz, çünki soyqırımı qurbanları ədalətli nəticəyə nail olmağa layiqdirlər. Biz bu məhkəmədə Serb Respublikasının siyasi və hərbi liderləri Radovan Karaciç və Ratko Mladiçin cəzalandırılmasına nail ola bildik. Srebrenitsa soyqırımına görə Niderland hökumətini məhkəməyə verdik və bu məhkəməni udduq. Niderland hökuməti öz məhkəmələri qarşısında mühakimə olunub, çünki bu ölkədə beynəlxalq hüquqa hörmət edilir. Ona görə də biz Xocalı soyqırımında həlak olanların analarını və həyat yoldaşlarını səslərini ucaltmağa, haqq, ədalət axtarmağa, cinayətkarların cəzalandırılmasını tələb etməyə çağırırıq. Bütün Azərbaycan cəmiyyəti onlara dəstək verməlidir. Siyasətçilər, kişilər bunu edə bilməz. Bunu ancaq qadınlar edə bilər. Öldürülənlərin ailə üzvlərinin səsi, onların ağrıları dünyaya çatdırılmalıdır. Sağ qalan qurbanlar, bu dəhşətli cinayətin şahidləri ədalət axtarmaq, mühakimə yürütmək hüququna malikdirlər. Amma onu da nəzərə alın ki məhkəmə hökmləri bu mübarizənin sonu deyil, ədalətin əsasıdır.
- Srebrenitsa və Xocalı soyqırımına ədalətli beynəlxalq qiymət verilməsi üçün sizin təşkilatla Azərbaycan arasında hansı formada əməkdaşlıq mümkündür?
- İctimai birliklər və sağ qalanların ailə üzvləri arasında əməkdaşlıq çox vacibdir. Sağ qalanlar və ailə üzvləri QHT kimi qeydiyyatdan keçməli, həqiqəti axtarıb ədalət uğrunda mübarizə aparmalıdırlar. Biz onlara bunu necə etmək barədə məsləhət verə bilərik. Sağ qalanların şahidi olduqları hadisələr barədə müsahibələri mətbuatda - təkcə Azərbaycanda deyil, dünya mətbuatında da dərc etmək çox vacibdir. Xocalı həqiqətləri və ədalət çağırışları beynəlxalq təşkilatlara göndərilməlidir: BMT-də, Avropa Parlamentində, Avropa Şurasında, eləcə də ABŞ konqresmenləri və senatorlarının iştirakı ilə konfranslar keçirməli, dünyada olan bütün soyqırım qurbanlarını təmsil edən birliklər ilə əməkdaşlıq etməli, dünyada fəaliyyət göstərən oxşar qeyri-hökumət təşkilatlarının şəbəkələrinə qoşulmalısınız. Xocalı haqqında müxtəlif ictimai tədbirlərin keçirilməsi ilə xatirələri yeniləmək lazımdır. Məsələn, hər ayın 26-da soyqırımı qurbanlarının şəkilləri ilə küçələrə çıxıb ədalətə çağırışlar edilməlidir. Bütün dünyaya xatırlatmaq lazımdır ki, hələ də ədaləti gözləyirsiniz.
- 2019-cu ildə Xocalı soyqırımının 27-ci ildönümündə “Srebrenitsa anaları və Jepa Anklavı” təşkilatının nümayəndələri Bakıda anım tədbirlərində iştirak ediblər. Ötən il də Azərbaycanda səfərdə olmusunuz. Azərbaycana yenidən səfəriniz gözlənilirmi?
- Bəli, dəvət almışıq. Bu il də Azərbaycana səfər edəcəyik. Bu il də sağ qalan Xocalı qurbanlarının yanında olmaqdan şad olacağıq.
- Xocalı soyqırımı qurbanlarına bir çağırışınız varmı?
- İndiyədək iki dəfə Xocalı soyqırımının anım mərasimində iştirak etmişik və həlak olanların ailə üzvləri ilə görüşmüşük. Təcrübələrimizi onlarla bölüşdük və bunu etməyə hər zaman hazırıq. Tədbirlərin keçirilməsi son dərəcə vacibdir. Bu, müxtəlif səviyyələrdə, xüsusən də akademik, mədəni, təhsil sahəsində, icmaları gücləndirməyə və cəmiyyətin humanist dəyərlərinə hörmət etməyə kömək edir. Eyni işi aparan digər qurumlarla əməkdaşlıq çox vacibdir.