Şəkidə Aprel şəhidi anılıb - VİDEO

Şəkidə Aprel şəhidi anılıb - VİDEO Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri 2016-cı ilin aprel ayında erməni terrorçuları tərəfindən intensiv artilleriya atəşinə tutuldu
Qarabağ
146
21 Aprel , 2021 14:44
Şəkidə Aprel şəhidi anılıb - VİDEO

Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri 2016-cı ilin aprel ayında erməni terrorçuları tərəfindən intensiv artilleriya atəşinə tutuldu. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri təxribatların qarşısını almaq və erməniləri geri oturtmaq üçün əks-hücum həmlələrinə başladı. Tarixə Aprel döyüşləri kimi yazılan 4 günlük döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi.

2016-ci il aprel döyüşlərində şəhidlərimiz adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazdılar. Onların arasında Azərbaycan Ordusunun zabiti, baş-leytenant Elnur İskəndərov da var.

"Report"un Şimal-qərb bürosu şəhidin evindən reportaj hazırlayıb.

İskəndərov Elnur İskəndər oğlu 1989-cu ilin iyunun 1-də Şəki şəhərində anadan olub. 1995-ci ildə Şəki şəhər 11 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub və 2006-cı ildə həmin məktəbin 11-ci sinfini əla qiymətlərlə bitirib.

Məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi məktəbə daxil olub və həmin məktəbi zabit kimi bitirib. 2010-cu ildən isə leytenant kimi ordu sıralarında xidmətə başlayıb.

Xidmət etdiyi illərdə döyüş yoldaşları arasında mərdliyi, qorxmazlığı və hərbi biliyi ilə hörmət qazanan Elnur sayılıb-seçilən zabitlərdən olub. Baş-leytenant 2016-cı il aprel döyüşlərinə qatılıb. Döyüşlərin 3-cü günündə, aprel ayının 3-də Lələtəpə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Elnur İskəndərov aprelin 11-də Şəki şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Ömrünün 27-ci baharında vətəni uğrunda şəhid olan Elnur İskəndərovun uyuduğu torpaq hər zaman ziyarət edilir. Bu gün ölümünün 5-ci ildönümündə şəhidin məzarını ziyarətə gələn ailə üzvləri qürurlu olduqlarını, aprel şəhidlərini zəfər yolumuza açılan pəncərə kimi təsvir ediblər.

Qəhrəman zabitimiz özündən sonra vətənə bir oğul övladı, əsgər qoyub gedib. Balaca Elmar atası şəhid olarkən hələ 7 aylıq idi. İndi onun 5 yaşı tamam olub. Qoy düşmənlərimiz bilsin ki, bizim Elnur kimi oğullarımızın sayları çoxdur. Biri dünyadan köçər, mini doğular mərd igidlərin.

Qeyd edək ki, baş-leytenant Elnur İskəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib, yaşadığı küçəyə onun adı verilib.

Son xəbərlər

Orphus sistemi