Son döyüşlərdə qəhrəmancasına həlak olan hərbçimiz mayor Namiq Əhmədovun övladları onun şəhidlik zirvəsinə yüksəldiyindən xəbərsizdirlər. Uşaqlara atalarının xaricə oxumağa getdiyi deyilib.
"Report"un Qərb Mərkəzinin müxbiri Qazax rayonunun Yuxarı Salahlı kəndində mayor Namiq Əhmədovun ailə üzvləri, yaxınları ilə görüşərək onunla bağlı xatirələrini lentə alıb.
Vətənin müdafiəsi üçün əlinə silah aldığı bu yolda şəhid olacağı sanki ürəyinə danmışdı. 2016-cı ilin aprel döyüşlərində şəhid olan dostu Mühüd Orucovun anasına həmişə baş çəkən Namiq öz anasına “onun yerinə sən də ola bilərdin, sən də hər an bir şəhid anası olmağa hazır olmalısan” deyirmiş.
N.Əhmədov iyulun 13-dən 14-nə keçən gecə Tovuzda gedən döyüşlər zamanı döyüş yoldaşları ilə birgə qəhrəmancasına şəhid olub.
Tanıyan hər kəs onun qəhrəmanlığından, qayğıkeşliyindən danışır, onunla qürur duyurlar.