"Azərbaycan və Ermənistanın ictimaiyyət nümayəndələri arasında görüş iki ölkə arasında münasibətlərin qaydaya salınması prosesini başlatmaq üçün dəstəklənib".
“Report” xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında bildirib.
“Ötən ilin dekabr ayında iki ölkənin ictimaiyyət nümayəndələrini bir araya gətirmək mümkün oldu. Dəqiq tarix məlum olmasa da, 2022-ci ildə əlaqələrin davam etdirilməsi müzakirə olunub. Bu, çətin prosesdir, amma ona start verilib”, - səfir deyib.
Onun sözlərinə görə, üçtərəfli işçi qrupunun fəaliyyəti ictimaiyyətə müsbət təsir göstərəcək.
Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında 44 günlük müharibədən sonra 2021-ci il dekabrın 23-24-də Moskvada iki ölkənin ictimaiyyət nümayəndələrinin ilk görüşü baş tutub. Görüş Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun iştirakı ilə keçirilib. Görüş iştirakçıları iki xalq arasında münasibətlərdə gərginliyin azalması tədbirlərini müzakirə edib və 2022-ci ilin əvvəllərində bu cür əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər.