Bakı. 9 iyul. REPORT.AZ/ Dağlıq Qarabağ regionu yenidən "qaynar nöqtə"yə çevrilib. Tərəflərin silahlı qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib. Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan tərəfinin təxribatına cavab olaraq düşmənin atəş nöqtələrinə zərbələrin endirildiyini bəyan edib. Rəsmi Bakı erməni hərbçilərini Füzuli rayonunda kəndi atəşə tutaraq bir qadın və bir uşağın ölümünə səbəb olmaqda ittiham edir.
Rusiyalı politoloq Sergey Markov hesab edir ki, region yenidən tammiqyaslı müharibə astanasındadır.
"Report" xəbər verir ki, bu barədə o, НСН nəşri ilə söhbətində bildirib.
"Danışıqlar ümumiyyətlə heç getmir. Onlar praktiki olaraq dondurulub. Vəziyyət ondan ibarətdir ki, orada atəşkəs pozulub və bu, Azərbaycan tərəfdən qadın və eyni zamanda onun balaca nəvəsinin ölümü ilə nəticələnib. Bu, Azərbaycan cəmiyyətində böyük qəzəb doğurub və hakimiyyət buna reaksiya vermək məcburiyyətində qalıb və ona görə də onlar buna atəş açmaq şəklində qarşılıq veriblər. Və beləliklə biz hazırda elə bir vəziyyətdəyik ki, hərbi əməliyyatlar yenidən başlaya bilər", - deyə politoloq bildirib.
Ekspert hesab edir ki, 2016-ci ilin aprel hadisələri təkrarlana bilər:
"Çox güman ki, hər şey 2016-cı ildə, ciddi danışıqların başladığı bir vaxtda baş verən aprel müharibəsinin ssenarisi üzrə gedəcək. Bu danışıqlar demək olar ki, uğurla nəticələnmişdi, lakin son anda Ermənistan rəhbərliyi öz radikalları qarşısında qorxu səbəbindən bu razılaşmanı imzalamağa cəsarət etmədi".
Politoloqun fikrincə, Rusiya danışıqlar başlaması üçün Ermənistanı buna təhrik etməlidir. Yalnız bu, münaqişə zonasında gərginliyin aradan qalxmasına kömək edə bilər.