“Ermənistan İkinci Qarabağ müharibəsində məğlubiyyətlə barışa bilmir və Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyasından yayınır".
Bunu “Report”un Rusiya bürosuna açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov bildirib.
Rusiyalı politoloqun fikrincə, Ermənistan hələ də məğlubiyyətlə barışmayıb və müharibənin nəticələrini yenidən nəzərdən keçirmək istəyir: “Rəsmi İrəvan 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarının icrasından yayınır. Belə ki, Ermənistan hərbi birliklərinin Qarabağ ərazisindən çıxarılmaması daimi hərbi gərginlik yaradır. Bundan başqa, Ermənistan Zəngəzur nəqliyyat dəhlizini də heç cür razılaşdıra bilmir”.
O qeyd edib ki, bir sıra “geosiyasi intriqalar” rəsmi Bakı ilə İrəvan arasında münasibətlərin qurulmasına əngəl törədir: "ABŞ rəsmi Bakı ilə İrəvan arasında münaqişənin olmasında çox maraqlıdır. Burada iki məsələ var. Əgər Rusiya Cənubi Qafqazdakı vəziyyətə müdaxilə etməsə, o zaman rəsmi Vaşinqton anti-Rusiya kampaniyası aparacaq, Ermənistan isə KTMT və Avrasiya İqtisadi İttifaqından çıxacaq. Rusiya müdaxilə etsə, neytrallıqdan əl çəkməli olacaq, Türkiyə ilə münaqişə yaranacaq”.
Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.