“Yaxın aylarda vasitəçi ölkələrin (əsasən də ABŞ və Fransa) nümayəndələrinin, həmçinin rəsmi İrəvanın ATƏT-in Minsk Qrupu formatında dialoqun zəruriliyini daha tez-tez xatırladacaqlarını gözləmək olar”.
Bu barədə “Report”a Siyasi və iqtisadi kommunikasiyalar agentliyinin aparıcı analitiki Mixail Neyjmakov İqor Kovayevin Rusiyanın ATƏT-in Minsk Qrupunda yeni həmsədri təyin edilməsini şərh edərkən bildirib.
“Bu formatla bağlı rəsmi İrəvanın müraciətləri dəfələrlə təkrarlanıb. Bu mövqeni həm xarici (həmsədr ölkələrin maraqları arasındakı fərqlərin, əsasən də Fransanın xüsusi mövqeyinin hesabına manevr imkanları qazanmaq istəyi), həm də daxili siyasi motivlər şərtləndirir”, - o qeyd edib.
Ekspertin fikrincə, yeni nümayəndənin təyin edilməsi rəsmi Moskvanın ABŞ və Fransa ilə birlikdə işləməyə hazır olduğunu göstərmək üçündür.
“2020-ci ilin noyabr ayında Qarabağda atəşin dayandırılması haqqında üçtərəfli bəyanatın imzalanmasından sonra ABŞ və Fransa nümayəndələri, həmçinin Ermənistanın siyasi və ekspert cameəsinin bir sıra nümayənələri məhz ATƏT-in Minsk Qrupu çərçivəsində dialoqun zəruriliyini bəyan ediblər”, - o bildirib və əlavə edib ki, üçüncü həmsədr olan Rusiya bu formatda işləməyə hazır olduğunu təsdiq edir.