"Rusiya Azərbaycan ilə Ermənistan arasındakı sərhədin delimitasiyasına Avropa İttifaqı tərəfindən verilən dəstəyi müsbət qiymətləndirir".
“Report” “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“İkitərəfli münasibətlərin yoluna qoyulması üçün beynəlxalq səyləri alqışlayırıq. Bu zaman regiondakı reallığın nəzərə alınması, Bakı ilə İrəvanın razılığı, habelə bütün bunların əlavə dəyəri əsas götürülməlidir” – deyə o, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üçün Avropa İttifaqının ekspertlər göndərmək qərarını şərh edib.
Rusiya rəsmisi eyni zamanda xatırladıb ki, Moskva, Bakı və İrəvan Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası, daha sonra demarkasiyası üçün tərəflərin istəyilə Rusiyanın məşvərətçi yardımı ilə ikitərəfli komissiya yaratmaq üçün addımlar atmaq barədə razılığa gəliblər.
“Biz öz tərəfimizdən Azərbaycana da, Ermənistana da lazımi dəstək verəcəyik” – deyə M.Zaxarova vurğulayıb.