Latviyanın paytaxı Riqa şəhərində Xocalı faciəsindən bəhs edən “Sonsuz dəhliz” sənədli filmi nümayiş olunub. Filmdə Birinci Qarabağ müharibəsi zamanı erməni işğalçılarının törətdiyi vəhşiliklərdən söhbət açılır.
“Report”un Baltikyanı ölkələr üzrə bürosu xəbər verir ki, tədbir Azərbaycanın Latviyadakı səfirliyinin təşəbbüsü ilə təşkil olunub.
Riqanın mərkəzi “Splendid Palace” kinoteatrında filmin nümayişindən əvvəl Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş faciədən danışıb, cinayətin əsl günahkarlarının Ermənistan silahlı qüvvələri olduğunu bildirib.
O, azərbaycanlılara qarşı törədilmiş soyqırımına görə beynəlxalq hüquqi məsuliyyətdən danışıb, həmin gecə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakininin amansızlıqla qətlə yetirildiyini, 487 nəfərin yaralandığını, 1275 nəfərin girov götürüldüyünü, onlardan 150 nəfərinin taleyinin hələ də məlum olmadığını diqqətə çatdırıb.
Səfirin sözlərinə görə, 2015-ci il fevralın 26-da Latviya Seymi Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edib. 53 deputatın imzaladığı bəyanatda insanlığa qarşı törədilmiş bu cinayət pislənir.
E.Sultanov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə artıq bir neçə ildir ki, bir çox ölkələrdə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyasından da danışıb.
Rejissor Aleksandr Brokasın çəkdiyi “Sonsuz dəhliz” sənədli filmi Xocalı hadisələrinin sağ qalmış şahidlərinin xatirələri, faciənin şahidi, litvalı jurnalist Riçard Lapaitisin lentə aldığı müsahibələr, habelə müstəqil rusiyalı jurnalist Viktoriya İvlevanın xatirələri əsasında yaradılıb. Faciədən 20 il sonra R.Lapaitis yenidən Azərbaycana gələrək Xocalıdan sağ çıxan şəxslərlə görüşüb. Sənədli filmdə Xocalı soyqırımı ilə bağlı əvvəllər az məlum olan faktlar, sənədlər, o zaman lentə alınan səhnələr, fotomateriallar əks olunub.
Filmin premyerası 2014-cü il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilib.